Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Əhməd Yəsəvinin Yunus Əmrə yaradıclığına təsiri” adlı elmi seminar keçirilib

17/02/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Əhməd Yəsəvinin Yunus Əmrə yaradıcılığına təsiri” mövzusunda elmi seminar keçirilib. Özbəkistan Milli Universitetinin Özbək filologiyası kafedrasının müdiri professor Hamidulla Baltabayevin məruzəçi olduğu elmi seminarda fakültənin professor-müəllim heyəti və tələbələri, o cümlədən Türkiyədən və Özbəkistandan qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Bəsti Səttarova məruzəçinin elmi fəaliyyəti və seminarın mövzusunun əhəmiyyəti barəsində məlumat verib.
“Əhməd Yəsəvinin Yunus Əmrə yaradıcılığına təsiri” adlı məruzə ilə çıxış edən Hamidulla Baltabayev bənzərsiz istedad sahibi Əhməd Yəsəvinin ümumtürk ədəbiyyatında xüsusi yer tutmasından və yaradıcılığının əsas məqamlarından söz açıb. Bildirib ki, Əhməd Yəsəvi və türk təkkə ədəbiyyatının qurucularından biri, təsəvvüf şairi Yunus Əmrə şeirlərində ortaq mövzu-ideya istiqamətləri ilə bağlı Türkiyədə Fuad Köprülü, Mustafa Tatcı, Mehmet Şeker, Necdet Yılmaz, Azərbaycanda isə Həmid Araslı, Kamil Vəliyev və digər elm adamları tərəfindən araşdırmalar aparılıb. Yunus Əmrə və Əhməd Yəsəvi şeirlərindəki paralelliklərə toxunan özbək alimi hər iki sənətkarın yaradıcılığında “eşq” anlayışının təqdimindən bəhs edib, maraqlı ədəbi nümunələrlə fikirlərini əsaslandırıb.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Çıxış edənlər alimin məruzəsini yüksək qiymətləndirib, fəaliyyətində uğurlar arzulayıblar. Sonda BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Əskər Hamidulla Baltabayevin yaradıcılıq yolundan, ölkəmizə olan sevgisindən, Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələri çərçivəsində son illər görülən işlərdən danışıb, qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Bookmark and Share