Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Kommunikasiya prosesində uğurlu nitq” mövzusunda ustad dərsi keçirilib

16/03/2022

Martın 16-da BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə 27 Mart – Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Kommunikasiya prosesində uğurlu nitq” mövzusunda ustad dərsi keçirilib.
Kafedra müdiri, professor İlhamə Hacıyeva giriş sözü ilə çıxış edərək, mövzunun aktuallığından söz açıb, belə tədbirlərin davamlı olmasının əhəmiyyətini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən  professor Adil Babayev uğurlu nitqin mahiyyəti haqqında danışıb. Bildirib ki, uğurlu nitq qarşıya qoyulan məqsədə çatmaq üçün əsas vasitələrdən biridir. Unutmaq olmaz ki, nitq psixoloji bir prosesdir. Burada bir çox qaydalar və kiçik texnikalar vardır ki, onlardan düzgün istifadə etmək vacibdir. Əgər qarşımızdakı insanın psixologiyasına uyğun danışsaq, hər nitq uğurlu alınacaq. Bir insan səlis danışar, amma onun nitqi effektiv alınmaya bilər. Nitqimizi doğru və effektiv şəkildə qura bilməsək, qarşımızdakı insan bizim nə dediyimizi başa düşə bilməyəcək. Buna görə də işgüzar mühitdə insanlarla ünsiyyət zamanı necə danışmaq lazım olduğunu bilmək və buna uyğun nitq qurmağı bacarmaq lazımdır.
Natiq onu da vurğulayıb ki, uğurlu nitqin əsas amillərindən biri düzgün mövzu seçimidir. Mövzu seçərkən nitq söyləyənlə auditoriya arasında maraqların ortaq olması uğurlu nitqin vacib məqamlarından biridir.
A.Babayev çıxışında Ali Baş komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə verdiyi müsahibələri və xalqa müraciətlərini uğurlu nitqin ən bariz nümunəsi kimi diqqətə çatdırıb.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Bookmark and Share