Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyinə həsr olunmuş elmi seminar keçirilib

27/04/2021

BDU-nun Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 115 illiyinə həsr olunmuş onlayn elmi seminar keçirilib. Kafedranın əməkdaşı Aygün Zəkiyevanın moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə XX əsrin əvvəllərində türk-islam coğrafiyasının aparıcı mətbu orqanı “Molla Nəsrəddin” jurnalının 115 illik yubileyinə həsr olunmuş seminarın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, məruzəçilərə uğurlar arzulayıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedranın dosenti Jalə Hüseynova “Molla Nəsrəddin” necə yarandı?” adlı məruzəsində dövrün ictimai-siyasi və ədəbi-mədəni mühitindən,  jurnalın meydana gəlməsini şərtləndirən əsas faktorlardan, dərginin strukturu və janr-üslub məsələlərindən, mövzu dairəsindən və tənqid hədəflərindən danışıb. Qeyd edib ki, “Molla Nəsrəddin” Azərbaycan tarixinin ən mürəkkəb mərhələsində - 1905-1907-ci illər xalq inqilabı dövründə yaranıb. Və dövrün mənzərəsini düzgün təhlil edən Mirzə Cəlil ötən yüzilliyin əvvəllərində başlanan milli intibahın belə bir jurnala ehtiyacı olduğunu anlayaraq öz təşəbbüsünü həyata keçirməyə müvəffəq olub.
“Milli mətbuatımızın Molla Nəsrəddin zirvəsi” adlı məruzə ilə çıxış edən professor Yeganə İsmayılova Cəlil Məmmədquluzadənin publisistik yaradıcılığı haqqında məlumat verib, xüsusilə “Molla Nəsrəddin” jurnalının mətbuat tariximizdəki rolundan bəhs edib. Bildirib ki, “Molla Nəsrəddin” ədəbi məktəbi Cəlil Məmmədquluzadənin ideya-təşkilatçılıq fəaliyyətinin nəticəsi kimi meydana çıxmış, formalaşmış yeni tipli yaradıcılıq istiqamətidir. Bu istiqamət Azərbaycan mollanəsrəddinçilərinin konkret tarixi şəraitdə qoşulduqları mütəşəkkil yaradıcılıq məktəbidir.
Dosent Məti Osmanoğlu “Molla Nəsrəddin” jurnalı və ana dili məsələsi” adlı məruzəsində XX əsrin əvvəllərində görkəmli ziyalıların ədəbi dillə bağlı görüşlərindən, xüsusilə Ə.Hüseynzadənin ümumtürk ədəbi dili məsələsi haqqındakı fikirlərindən, həmin mürəkkəb dövrdə “Molla Nəsrəddin” jurnalının ədəbi dilin inkişafı ilə bağlı gördüyü mühüm işlərdən söz açıb. Natiq qeyd edib ki, jurnal 25 illik zaman kəsiyində dilimizlə bağlı onlarla yazı dərc edərək Azərbaycan dilinin saflığının qorunması problemini həmişə ön plana çəkmiş və bu istiqamətdə öz missiyasını uğurla gerçəkləşdirmişdir.
Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək, “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixindəki yerindən, Azərbaycan ədəbi-estetik fikrinin inkişafına verdiyi misilsiz töhfələrdən, xalqımızın milli-mənəvi oyanışındakı rolundan, dərginin mövzu dairəsinin müasir dövrdə də aktuallıq kəsb etməsindən danışıb, seminarın təşkilatçılarına və məruzəçilərə təşəkkürünü bildirib.
Tədbirdə kafedranın magistrantları – Xədicə Gülüyeva C.Məmmədquluzadənin “Ziyarət”, Röya İbrahimova isə “Qız uşağı” felyetonunu səsləndirib.

 

Bookmark and Share