Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Nizami və dünya ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib

07/04/2021

BDU-nun Filologiya fakültəsində Dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Nizami və dünya ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə “Nizami ili” çərçivəsində təşkil olunmuş seminarın əhəmiyyətini vurğulayaraq sözü məruzəçiyə verib.
“Nizami və dünya ədəbiyyatı” mövuzusunda məruzə edən BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev N.Gəncəvi yaradıcılığının bəşəri əhəmiyyətindən, dünya miqyasında araşdırılması və təbliğindən, Nizami irsinə münasibətdən, azərbaycanlı alimlərin sözügedən mövzuda apardıqları tədqiqatlardan bəhs edib, xüsusilə akademik Nərgiz Paşayevanın bu sahədəki yüksək xidmətlərini iştirakçıların diqqətinə çatdırıb. İngilis və İran nizamşünaslığının əhəmiyyətindən danışan C.Nağıyev N.Gəncəvinin həyatı və yaradıcılığı haqqında səsləndirilən mübahisəli elmi görüşlərə toxunub, onun Azərbaycan şairi olması ilə bağlı mühüm arqumentlər barəsində məlumat verib.
Daha sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov, BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosentləri - Sevinc Məmmədova, Nüşabə Sadıxlı və İlqar Hüseynov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev və başqaları N.Gəncəvinin dünya ədəbiyyatındakı mövqeyindən, dünya nizamişünaslığının aktual problemlərindən danışaraq mövzu ilə bağlı fikirlərini bölüşüb, məruzəçiyə suallar ünvanlayıblar.

Bookmark and Share