BDU-nun Filologiya fakültəsində professor Samət Əlizadənin 85 illik yubileyi qeyd olunub
16/03/2023BDU-nun Filologiya fakültəsində Türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli türkoloq, Əməkdar elm xadimi, professor Samət Əlizadənin anadan olmasının 85 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda fakültə rəhbərliyi, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Öncə mərhumun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli görkəmli dil tarixçisi Samət Əlizadənin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib, müəllim və alim kimi mühüm xidmətlərindən bəhs edib. Bildirib ki, Samət Əlizadənin türk yazılı abidələrinin, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi və nəşri ilə bağlı araşdırmaları onun elmi yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edir. Alimin bu abidə ilə bağlı tədqiqatları türkologiyada qorqudşünaslığın xüsusi bir mərhələsi kimi dəyərləndirilir.
Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov BDU-da klassik alimlərimizin irsinin öyrənilməsinə diqqət çəkərək, gələcək nəsillərə örnək olan belə şəxsiyyətlərin yaradıcılığının gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb, Samət Əlizadənin Bakı Dövlət Universitetində elmin və təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, böyük müəllimin əziz xatirəsinin həmişə dərin ehtiramla yad olunacağını qeyd edib.
“Samət Əlizadənin həyatı və fəaliyyəti” adlı məruzə ilə çıxış edən Türkologiya kafedrasının professoru Elbrus Əzizov tanınmış alimin yazılı abidələrimizin tədqiqi və tədrisi istiqamətindəki yorulmaz fəaliyyətindən, türkoloji dilçiliyə gətirdiyi yeniliklərdən, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən söz açıb. Məruzəçi qeyd edib ki, onun zəngin elmi yaradıcılığında Azərbaycan filologiyasının ayrı-ayrı sahələri: etimologiya, tarixi qrammatika, mətnşünaslıq, poetika və ədəbi dil tarixi məsələlərinin öyrənilməsi əhatə olunub. Alimin “Şühədanamə”də adlar (isim, sifət, say və əvəzlik)” mövzusunda namizədlik, “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyaları, “Kitabi-Dədə Qorqud”la bağlı çoxsaylı tədqiqləri və digər əsərləri Azərbaycan dilçiliyində öz xüsusi çəkisi və imzası ilə seçilən dəyərli mənbələrdir.
Daha sonra İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri professor Abbas Abbasov, Türkologiya kafedrasının dosentləri İslam Vəliyev, Qızılgül Abdullayeva, Kəmalə Nəcəfova və başqaları çıxış edərək, Samət Əlizadənin şərəfli ömür yolundan, gələcək nəsillərə örnək tərcümeyi-halından, elmi yaradıcılığı ilə dil tarixşünaslığında xüsusi iz qoymasından, müəllimlik fəaliyyətindən, ziyalı kimi şəxsi keyfiyyətlərindən söz açıb, mərhumla bağlı xatirələrini bölüşüblər.
Sonda professor Samət Əlizadənin qızı – Filologiya fakültəsinin dekan müavini, dosent Mehriban Əlizadə atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və çıxış edənlərə təşəkkürünü bildirib.
