Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində “Vaqif Vəliyev bir folklorşünas kimi” mövzusunda elmi seminar keçirilib

06/03/2019

BDU-nun Filologiya fakültəsində mərhum folklorşünas alim, professor Vaqif Vəliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar “Vaqif Vəliyev bir folklorşünas kimi” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Məmmədov alimin folklorşünaslıq elminə verdiyi dəyərli töhfələrdən danışıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Vaqif Vəliyevin şəxsi keyfiyyətlərindən və elmi-pedaqoji fəaliyyətindən söz açıb, onunla bərabər çalışdığı iki il müddətində alimi mülayim və zarafatcıl bir insan kimi xatırladığını, hazırladığı dərsliyin hələ də öz aktuallığını saxladığını vurğulayıb.
Filologiya fakültəsinin elmi işlər, qiyabi və magistratura üzrə dekan müavini, professor Nizami Xəlilov Vaqif Vəliyevin müəllimlik fəaliyyətindən, bir müəllim kimi tələbələrə olan münasibətindən, onunla bağlı olan xatirələrindən söz açıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Arzu Məmmədova, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva folklorşünasın həyat və yaradıcılığı haqqında məlumat verib, alimin irsi ilə bağlı fikirlərini bölüşüblər.
Mərhumun qızı dosent Məftunə Vəliyeva atasının ailə başçısı kimi övladlarına olan gözəl münasibətindən bəhs edərək təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirin ədəbi-bədii hissəsində BDU-nun Filologiya fakültəsinin tələbəsi Rüfət Qarayevin, Jurnalistika fakültəsinin tələbəsi Mehdi Taştanın, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Gülnar Musayevanın, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Emil Mirzəyevin, Kamal Natiqoğlunun, IV kurs tələbəsi Məftun Səfərlinin, I kurs tələbəsi Aqil Bəxtiyarın ifalarında musiqi nömrələri səslənib. Tədbirin sonunda Od Çərşənbəsi qeyd edilib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Nuranə Qarayeva  Od Çərşənbəsi haqqında məlumat verib.

Bookmark and Share