Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Xalq yazıçısı Anarın “Ustad dərsi”

13/04/2018

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “ustad dərsi” keçirilib. Tədbirdən əvvəl qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetimizin görkəmli məzununun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışıb, BDU-da onun bədii irsinin öyrənilməsinə və tədrisinə həmişə böyük maraq olduğunu qeyd edib.
Sonra “ustad dərsi” başlayıb. Tədbirdə fakültə dekanı, dosent Elçin Məmmədov, kafedra müdirləri, müəllim və tələbələr iştirak edib. “Ustad dərsi”ndə müəllim və tələbələr adından qonağı salamlayan dekan Elçin Məmmədov Filologiya fakültəsi haqqında, o cümlədən son illər əldə olunan elmi-pedaqoji nailiyyətlər barəsində məlumat verib.
Ardınca söz yubilyara verilib. O, belə bir görüşü onun bədii yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib, iştirakçılara minnətdarlığını bildirib. Sonra Xalq yazıçısı müəllim və tələbələrin suallarını cavablandırıb, auditoriya ilə fikirlərini bölüşüb.
Sonda “Söz” Yaradıcılıq Birliyinin rəhbəri, dosent Məti Osmanoğlu tanınmış ədəbiyyat xadiminə öz təşəkkürünü bildirib, böyük tarixi ənənəsi olan Filologiya fakültəsində görkəmli şair və yazıçılarla belə görüşlərin mütəmadi təşkil olunmasının zəruriliyini vurğulayıb.

 

Bookmark and Share