Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş ustad dərsi keçirilib

12/12/2019

Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ədibin tədqiqatçısı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Saraclının ustad dərsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini dosent Cavanşir Muradov Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını yazıçının fəaliyyətinə göstərilən böyük diqqətin təzahürü kimi xarakterizə edib, H.İbrahimovun ədəbiyyatımızın inkişafındakı müstəsna xidmətlərindən danışıb.
Sonra söz Mətanət Saraclıya verilib. M.Saraclı yazıçının həyat və yaradıcılığından bəhs edib, əsərlərinin ideya və məzmun xüsusiyyətləri haqqında geniş məlumat verib.
Tədbirdə tələbələr yazıçının şeirlərini səsləndirib, əsərlərindən səhnəciklər göstəriblər. Ustad dərsində iştirak edən professorlar Abdulla Abasov, Almaz Əliqızı, Yeganə Nehmətulla, dosentlər Həqiqət Abdıyeva, Sevinc Qocayeva, Məhəmməd Məmmədov, fil.f.d. Sevinc Abasova, dekan müavini Anar Fərəcov Mətanət xanımın dərsini müsbət qiymətləndiriblər.

Bookmark and Share