Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsində Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

26/02/2021

BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Kafedranın əməkdaşı Gülnar Axundovanın moderatorluğu ilə keçirilən tədbir Xocalı şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi və ardınca faciədən bəhs olunan təqdimatla başlayıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov erməni vandalizminin tarixindən, Xocalı soyqırımının baş vermə səbəblərindən danışıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı parlaq qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.  
Sonra Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Xocalı faciəsində ailəsini itirmiş Səriyyə Cəfərova o qanlı gecə baş verənlərdən və bu mövzuda qələmə aldığı əsərlərdən söz açıb.
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xocalı sakinləri, eyni zamanda BDU-nun məzunları  Nicat Əhmədovun bacısı Lalə Əhmədova və Namiq Cavadovun qızı Fidan Cavadlı Xocalı soyqırımının acı həqiqətlərindən bəhs edib, adı çəkilən qəhrəmanlarla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə tanınmış tarzən Qurban Pirimovun nəticəsi Asim Pirimov tarda Vasif Adıgözəlovun “Qərənfil” romansını, “Folklor” dərnəyinin üzvü Səbinə Cəlilova isə kanonda  “Bayatı-Şiraz” muğamını ifa edib. Filologiya fakültəsinin tələbələri - Nigar Xanəliyeva Hikmət Ziyanın “Xocalı faciəsi” şeirini səsləndirib, Aysel Seyidova isə “Bədii ədəbiyyatda Xocalı” adlı məruzə ilə çıxışı edib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi və “Didərginlər” mahnısının müşayiəti  ilə Xocalıdan fraqmentlər nümayiş etdirilib.
Tədbiri tam izləmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.youtube.com/watch?v=lyeIPCe11PI&feature=youtu.be

 

Bookmark and Share