Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin dekanı Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji məzmunda araşdırılmasına həsr olunmuş konfransda iştirak edib

27/11/2019

Noyabrın 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir çərçivəsində “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı da olub.
Konfransı giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin folklor nümunələri içərisində lakonikliyi, müdrikanəliyi, fəlsəfi dərinliyi ilə seçildiyini qeyd edib. Bildirib ki, lətifələrdə xalq müdrikliyi özünün bütün dolğunluğu ilə əks olunub.
Konfransda Folklor İnstitutunun direktoru, akedemik Muxtar İmanovun, SOCAR AQŞ-nin baş direktoru Ramin İsayevin, Folklor İnstitutunun böyük elmi işçisi, kitabın tərtibçisi Qumru Şəhriyarın çıxışları dinlənilib.
Tədbirdə Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “Molla Nəsrəddin lətifələri xalq gülüşünün sosial-antropoloji semantikası kontekstində”, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev “Dəlilik və vəlilik kontekstində Molla Nəsrəddin obrazı” və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Real və virtual mühitdə Molla Nəsrəddin lətifələri: yeni sosial şərtlər və mədəni təzahürlər” mövzusunda məruzələrlə çıxış ediblər.
Təqdimatda iştirak edən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxışında Molla Nəsrəddin lətifələrindən ibarət toplunun nəşrinin ictimai baxımdan xüsusi əhəmiyyətə malik olduğunu, Molla Nəsrəddin müdrikliyinin milli-mənəvi özünəməxsusluğumuzu qoruyub saxlamaq üçün əvəzsiz abidə olduğunu qeyd edib.
Sonda Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji aspektlərdən təhlili istiqamətində suallar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

AZƏR TAC

Bookmark and Share