Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin dosentləri beynəlxalq konfransda iştirak edib

28/03/2021

26-27 mart tarixlərində Kazan Federal Universitetində professor Fuad Qalimullinin 80 illiyinə həsr olunmuş “Milli ədəbiyyat və incəsənətin qarşılıqlı təsir kontekstində tatar ədəbiyyatı və mədəniyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov və Türkologiya kafedrasının dosenti Səbinə Ağayeva təmsil edib.
“Azərbaycan və tatar xalqlarının mifoloji düşüncəsində kosmoqonik miflər” mövzusunda məruzə ilə çıxış edən M.Məmmədov kosmoqonik miflərin başlıca məzmununun nizamlayıcı kosmik başlanğıcla dağıdıcı xaotik başlanğıcın mübarizəsi, aləmlərin yaradılması, təbiət obyektlərinin meydana gəlməsi və s.- nin təşkil etdiyini bildirir. Kosmoqonik miflər çox zaman dünyanın yaradılışından qabaqkı xaotik zamanın mənzərəsini çızmaqla başlayır. Məqalədə Azərbaycan və tatar xalqlarının mifoloji düşüncəsində dünyanın və təbiət obyektlərinin, Günəş, ay, ulduz, Zöhrə ulduzu, Ülkər ulduzu və s. kimi səma cisimlərinin yaranması ilə bağlı  kosmoqonik miflər müqayisəli şəkildə araşdırılır.
Konfransda “Azərbaycan-tatar mədəni əlaqələrinə dair” adlı məruzə ilə çıxış edən S.Ağayeva Azərbaycan və tatar xalqları arasındakı mədəni əlaqələrin oxşarlığının milli köklə bağlılıqdan irəli gəldiyini bildirir. Araşdırmada tatar ədəbiyyatının öyrənilməsi və tətbiqi işinin Azərbaycan ədəbiyyatşünaslığının diqqət  mərkəzində durduğu  göstərilir. Məqalədə XX əsrin başlanğıcında tatar mədəniyyəti tarixində yeni məktəb yaradan Tukay yaradıcılığına, həmçinin mifoloji əlaqədən başlamış müasir dövrümüzə qədər bu xalqlar arasındakı ədəbi əlaqələrə nəzər salınır.
İki gün davam edən beynəlxalq elmi-praktik konfransın sonunda iştirakçılara sertifaktlar təqdim olunub.

Bookmark and Share