Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Esmira Muxtarova yazır: Heydər Əliyev zirvəsi

10/05/2020

“Naxçıvanda doğuldu 23-ün mayında
Güllü bahar fəslinin ən işıqlı ayında..”

Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə yazılmış əbədiyyət dastanıdır. Heydər Əliyevi sadəcə dahi şəxsiyyət adlandırsaq, yanılmış olarıq, o, xalqı üçün ATA, BABA idi. O yalnız xalqına, xalqı da yalnız ona arxalanırdı. Heç bir zaman dönmədi mübarizəsindən, içindəki azadlıq eşqindən. O deyirdi ki, “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.” Bəli, xalqımız ona güvənirdi və bilirdi ki, sabitlik və inkişafa doğru yalnız onun rəhbərliyi altında addımlamaq olar. O, Azərbaycanın üzərində parlayan Günəş idi.
1969-cu ilin 14 iyulu dünya üçün bəlkə də adi bir tarixdir, ancaq Azərbaycan xalqı üçün təqvimdə bu  günün xüsusi əhəhmiyyəti var: bu tarix xalqı öz sevdasına qovuşduracaq qəhrəmanın - Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Onun rəhbərliyə gəlişi ölkəmizə yeni nəfəs gətirdi. Azərbaycançılıq ideologiyasının əsası qoyuldu, milli dövlətçilik strategiyası hazırlandı.
1982-ci ildə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdu, 1987-ci ildə bu vəzifəsindən öz ərizəsi ilə istefa vermiş, 20 Yanvar hadisələri ilə bağlı Moskva nümayəndəliyində çıxış etmiş və SSRİ-nin başında duranların kobud siyasi səhv etdiklərini qətiyyətlə pisləmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.  Onun qayıdışı xalq üçün yenidən dönüş nöqtəsi oldu. Hakimiyyətə qayıtmasaydı, dünyada bəlkə də Azərbaycan adlı bir dövlətin  varlığı haqqında danışa bilməzdik.
1991-ci il  oktyabrın 18-də odlar yurdu Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Ancaq müstəqilliyin ilk iki ili olduqca ağır və təlatümlü keçdi. Torpaqlarımız erməni terrorçuları tərəfindən işğal olunmağa başlandı. Vətəndaş müharibəsi ölkəni qan gölünə çevirdi. Dərin iqtisadi-siyasi böhran, aclıq, əhalinin gərgin psixoloji durumu insanların səbir kasasını doldurmuşdu. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.
Bəli, o ağır günlərdə “Heydər “xalqım” dedi, xalq isə “Heydər” söylədi.”  Xalqın təkidi ilə Bakıya qayıdan Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də  prezident seçildi. Atdığı müdrik addımlar sayəsində qısa müddətdə vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı. Beləliklə, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Dövlət quruculuğunda da bir sıra tədbirlər həyata keçirildi. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə müstəqil dövlətin ilk konstitusiyası qəbul edildi, ardınca ilk parlament seçkiləri keçirildi. Çoxpartiyalı sistemə keçildi, ölüm hökmü, mətbuat üzərində senzura ləğv edildi. Ana dilimizə, ədəbiyyat və mədəniyyətimizə dövlət qayğısı gücləndirildi. Ulu öndər deyirdi: “Xalqın ədəbiyyatı, tarixi onun milli mənsubiyyətini göstərir, lakin bunların ən başlıcası dildir. Azərbaycan dili olmasa, Azərbaycan dilində şeir, mahnı olmaz”.  
Xarici siyasətdə də ciddi uğurlar əldə olundu. Onun ilk rəsmi səfəri Fransaya olmuşdu. 1996-cı ildə ATƏT-in Lissabon sammitində təşkilata üzv olan 53 ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Milli dəyərlər əsasında təhsil sistemini formalaşdırdı. Məqsəd gənclərin tam vətəndaş kimi formalaşmasını təmin etmək idi və buna da nail olundu. Azərbaycan qarşısına qoyduğu məqsədləri tezliklə yerinə yetirdi.
Heydər Əliyev 1998-ci ildə xalqın istəyi ilə ikinci dəfə prezident seçildi. Azərbaycan inkişaf pillərini daha da sürətli qalxmağa başladı. Artıq bu mərhələdə respublikamızın beynəlxalq aləmdəki nüfuzu və yeri bir qədər də gücləndi. 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul olundu. Onun gərgin əməyi sayəsində bayrağımız – qürur mənbəyimiz dünyanın aparıcı dövlətlərinin bayrağı ilə eyni cərgədə dalğalandı.
Heydər Əliyevin yayılan şöhrəti Azərbaycanı da dünyaya tanıdırdı. Dünyanın böyük liderləri mötəbər məclislərdə onunla hesablaşır, fikirlərinə, ümumən, şəxsiyyətinə hörmətlə yanaşırdılar. Burada bir neçə prezidentin Heydər Əliyev haqqındakı fikirlərinə yer vermək istəyirəm.
Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar...”.
Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.”
Bu siyahını uzatmaq da olar, çünki Ümummilli Liderimiz elə bir şəxsiyyət idi ki, hamı ona qibtə edirdi.
“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.” Həqiqətən də belə idi, Heydər Əliyevin bu fikri özündə təcəssüm tapırdı. Belə ki, o hakimiyyətə gəldikdən sonra neçə-neçə azərbaycanlı tələbə təhsillərini xaricdə davam etdirdilər, təhsil sistemi ilə bağlı mühüm qərarlar verdi, mədəniyyət sahəsində yeniliklər etdi. Onun əlinin dəydiyi hər yer çiçəklənirdi, Azərbaycan görkəmli dövlət xadiminin sayəsində gül bağçasına çevrilmişdi.Gül ətri bütün yurdu bürümüşdü.
Çıxışlarının birində Səməd Vurğunun “Azərbaycan” şeirini içdən elə söylədi ki, içindəki Vətən sevgisi gözlərindən oxunurdu, səsindəki titrəklik və kövrəklik zalda əyləşən hər kəsi duyğulandırmışdı.
2003-cü ilin prezident seçkiləri yaxınlaşırdı, namizədliyini irəli sürəcəyinə razılıq versə də, səhhətində yaranan problemə görə imtina etdi. ABŞ-ın Klivlend klinikasında müalicə alan Heydər Əliyev 2003-cü il dekabrın 12-də əbədiyyətə qovuşdu.
Azərbaycan tarixinin şanlı salnaməsini yaradan, mənalı ömrünün böyük bir hissəsini vətəninin və canından əziz tutduğu xalqının iqtisadi-siyasi yüksəlişi, firavan və xoşbəxt yaşaması uğrunda mübarizəyə həsr edən Heydər Əliyevə olan dərin hörmət və məhəbbət təkcə Azərbaycanda yaşayan yurddaşlarımızın deyil, vaxtilə müxtəlif ictimai-siyasi münaqişələr üzündən doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın da qəlbində yaşayır.
2004-cü ildən başlayaraq Ümummilli liderin doğum günü böyük təntənənə ilə qeyd olunur, onu xatirəsi əbədiləşdirilir. 2005-ci ildə xatirəsini əbədiləşdirmək üçün “Heydər Əliyev” ordeni təsis olundu, ölkəmizin hər güşəsində onun əzəmətli heykəlləri ucaldıldı. 2010-cu ildə Heydər Əliyev Mərkəzi, 2014-cü ildə Heydər Əliyev məscidi tikildi. Həmçinin 2004-cü ildə təsis olunmuş Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında ciddi işlər həyata keçirdi.  Hazırda koronavirus (COVID-19) infeksiyasının dünyada geniş yayıldığı bir vaxtda fond xalqın çətin günündə “Biz birlikdə güclüyük” şüarı altında yardımlar paylayır.
Bu gün ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər öz mənbəyini Heydər Əliyevin ideyalarından götürdüyü xalqımız tərəfindən birmənalı qəbul edilir. Aradan uzun illər keçəcək, nəsillər dəyişəcək, hər şey tarixə dönəcək, ancaq Ulu öndərin Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edən dövlətçilik idealları bütün zamanlarda yüksək ehtiramla xatırlanacaq və istinad nöqtəsi olacaqdır.

Bookmark and Share