Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi Aysel Seyidova yazır: Dahi şəxsiyyət Heydər Əliyev

10/05/2020

Mənim bu kiçik esseni yazmaqda məqsədim Ümumilli Liderimiz Heydər Əliyevə qəlbdən gələn sevgimi anlatmaqdır. Ona olan sevgim lap kiçik yaşlarımdan başlayıb. Öncə onun keçdiyi həyat yolundan, Azərbaycanın taleyindəki rolundan, sonra isə yaxınlarımdan, əzizlərimdən Ulu öndərlə bağlı eşitdiyim xatirələrdən söz açacağam.
Odlar yurdu Azərbaycan lap tarixi zamanlardan bu yana özünün qədim və təlatümlü mərhələlərində Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cavad xan və bir çox görkəmli şəxsiyyətlər, sərkədələr və dövlət xadimləri yetişdirmişdir. Bu böyük simalar Azərbaycan tarixində silinməz izlər qoymuşlar.
XX əsrdə xalqımızın yetişdirdiyi fenomenal şəxsiyyətlərdən biri Azərbaycanın mərd oğlu, Ümumilli Liderimiz Heydər Əliyevdir. Onun haqqında çox danışmaq olar: onun keçdiyi zəngin həyat yolu hamımıza bir nümunədir. Mən düşünürəm ki, hələ Ulu öndər anadan olmamışdan əvvəl Tanrı onun taleyinə Azərbaycanın çiçəklənməsi naminə möhtəşəm işlər həyata keçirmək missiyası yazıbmış. Deyilənə görə, uğurlu nəticənin 99 faizi zəhmət, 1 faizi isə istedaddan asılıdır. Məncə, insanlar lider olaraq doğulur. Və Heydər Əliyev də ruhən istedadlı və lider olaraq doğulmuşdur. Hazırda yaşadığımız müstəqil Azərbaycan  respublikasının qurulmasında onun çox böyük rolu olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı əsarətdən xilas etdi, onun işıqlı yollarının bünövrəsini qoydu, Azərbaycanın sabahına işıq saçdı.
Heydər Əliyev 1923-cü ildə mayın 10-da Azərbaycanın dilbər guşələrindən biri olan Naxçıvanda zəhmətkeş ailədə anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitunun Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar olaraq, təhsili yarımçıq qalmışdır. Heydər Əliyev 1941-ci ildən Naxçıvan  MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri, Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.  Dövlət Təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında  Dövlət Təhlükəsizliyi komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib və general-mayor rütbəsinə yüksəlib.  Heydər Əliyev Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial, mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
...1993-cü ildə Azərbaycanda kəskin vəziyyət yaranmışdı, Azərbaycan xalqı çıxış yolunu yalnız Heydər Əliyevdə görürdü. Yalnız bir nəfər Azərbaycan xalqını işıqlı sabaha çıxara bilərdi.O da Heydər Əliyev idi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1998-ci ildə ildə keçirilmiş prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bir çox islahatlar həyata keçirməyə başladı, apardığı daxili və xarici siyasəti ilə Azərbaycan xalqının rəğbətini qazandı. Məncə, bir insan üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. O yalnız xalq üçün çalışırdı.
Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də gənclərlə bağlı məsələlər idi. O, hər zaman müasir Azərbaycanın gələcəyini savadlı gənclərdə görürdü.
Mən Bakı Dövlət Universitetində I kursda oxuyanda bizə tarix fənni tədris edilirdi. Mənim də dəyərli müəllimlərimdən biri olan Vaqif Nəbiyev Heydər Əliyevin gəncliyindən, onun keçdiyi təlatümlü yollardan söz açardı. Biz isə çox diqqətlə qulaq asardıq. Müəllimimizin Ümummilli Liderə sonsuz  sevgisi vardı, həmişə deyərdi ki, Heydər Əliyev əsl şəxsiyyətdir. O, kolleqalarının liderlə görüşlərindən danışardı. Vaqif müəllim deyirdi ki, Heydər Əliyev təhsilə böyük önəm verərdi, lider daima tələbələrlə görüşlər keçirərmiş və həmin tələbələr də imkansız ailənin savadlı uşaqları olmarmış. Heydər Əliyev daim imkansız ailələrin uşaqları ilə maraqlanarmış və əlindən gələn köməyi əsirgəməzmiş. Vaqif müəllim bizə bu xatirələrindən danışarkən mən öz-özümə düşünürdüm ki, kaş mən də o dahi şəxsiyyəti görmüş olaydım. İnanın, mən o görüşü heç nəyə dəyişməzdim!
Ulu öndərin ölkəmizdə həyata keçirdiyi ən böyük işlərdən biri dil quruculuğu idi. Ana dilini mükəmməl bilən bu şəxsiyyət həmişə dövlət dilinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Dahi lider deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək elm, adamların fəaliyyəti nəticəsində mümkün olur”. Mən bunu ən ali kəlam qəbul edərdim, xalq dilini və tarixini bilməlidir ki, gələcəyə doğru inamla addımlasın.  
Heydər Əliyev xarizmatik lider idi. Liderin ən əsas bacarığı da gözəl natiqlik bacarığına sahib olmaqdır. Bu mənada, H.Əliyev xalqa müraciət etdikdə xalqın hər bir nümayəndəsi liderin şəxsən ona müraciət etdiyini düşünürdü. O, geniş xalq kütləsini öz arxasınca aparmağa, hətta düz yolda olmayanları haqq yoluna qaytarmağa qadir idi.
Ümummili Liderimiz Heydər Əliyev gənclərin gələcəyini savad və bilikdə görsə də, onların yetişdirilməsində müəllimlərin böyük rolunun olduğunu xüsusilə qeyd edirdi:“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Bu cümlələri atam mənə deyəndə mən hələ 10-cu sinif şagirdi idim. Beləliklə, mənim üçün dahi şəxsiyyət olan Heydər Əliyevin bu kəlamları  damarlarımda axan qana hopdu və mən müəllim olmağa qərar verdim. Hazırda Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alıram. Mənim bundan sonra ən böyük məqsədim məhz əbədiyaşar liderimizin dediyi kimi, gələcəkdə vicdanlı müəllim olmaqdır.
Azərbaycan xalqı xoşbəxt xalqdır, ona görə ki, onun Heydər Əliyev kimi  ümumilli lideri vardır. Heydər Əliyevin gördüyü işlər və keçdiyi həyat yolu Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuşdur.

Bookmark and Share