Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Nuranə Rüstəmli yazır: Heydər Əliyev - əbədiyaşar lider

10/05/2020

O gün – bir yaz səhəri günəş küskün-küskün dağların arxasından boylanırdı. Həmin gün Naxçıvanda bir körpə dünyaya göz açırdı. Günəş gələcəyi görür, qısqanırdı. Xalqın “doğan günəşi” adlanacaqdı körpə. Günəşə tay tutulacaqdı.
Ana körpəni köksünə sıxmışdı. Bilmirdi ki, zaman gələcək ölkəm, dünya ölkələri qol açacaq bu körpəni görəndə. Ata gəlişinə qurban kəsirdi, bu gün bir qurban, illər sonra gəlişinə onlarla qurbanlar kəsiləcəkdi  Azadlıq meydanında. Adını Heydər – Şir dedilər. Siyasət meydanına şir kimi atılacaqdı. Şir qətiyyətilə, cəsarətilə xalqını qoruyacaqdı. Coğrafi ölçülərinə görə dünyada xırdaca yer tutan ölkəsini dünyanın nəhəng ölkələri sırasına çıxaracaq, onlarla bir addımladacaq, nəhəng ölkələri bu kiçicik ölkənin əlini sıxmağa məcbur edəcəkdi.
Dənizi andıran mavi gözlərinə baxırdı ana. Bilmirdi ki, zaman gələcək Azərbaycan adlı gəminin kapitanı olacaq balası. Dalğalı, fırtınalı, qlobal sarsıntı, milli münaqişə, iqtisadi böhran dənizlərindən cəsarətlə sağ-salamat çıxaracaq “gəmisini”. Çoxlarının arzusunda olduğu limana çatdıracaq. Ana layla, əzizləmə deyirdi körpəsinə. Heç ağlına da gəlməzdi ki, onun oğluna yazılacaq şeirlər, əsərlər, kitablar, xoş sözlər dünyanın hər tərəfində səslənəcək. Ana sakit, pıçıltıyla tez-tez : Heydər, Heydərim deyirdi . Zaman gələcək bütöv bir xalq: Heydər ! deyəcəkdi . Heydərsə “Xalqım! ” söyləyəcəkdi . Ana körpənin qığıltısın ən gözəl simfoniya kimi dinləyirdi. Bir zamanlar bu qığıltı ən yüksək tribunalarda nitqlər deyəcək, natiqliyi ilə hər kəsi heyran qoyacaq, ölkəsi üçün xeyirli müqavilələrin bağlanmasına inandıracaq, xalqını sözləri, əməlləri ilə arxasınca aparacaq liderin təntənəli səsi olacaqdır. Şümşad əlləri dostluq, ticarət, əməkdaşlıq müqavilələrinə, “Əsrin müqaviləsi” kimi möhtəşəm sənədə imza atan, xalqının gələcəyi, inkişafı üçün qərarlar imzalayan əllərə çevriləcəkdi. Və bu əlləri sıxmaqdan milyonlar qürur duyacaqdı. Ana körpəyə baxdıqca onu müxtəlif peşələrdə görürdü. Lakin  bilmirdi ki, oğlu memar olacaq. Elə bir memar ki, binalar deyil, dövlətçilik quracaq, ölkələr arasında körpülər salacaqdı. Tarixçi olacaq – ölkəsinin keçmişi ilə, azərbaycanlı olması ilə fəxr edəcək. Vətəninin gələcəyindən fəxarətlə yazacaqdı. General olacaq, komandan olacaq – elə bir komandan ki, bir əmri ilə canını vətən üçün qurban verə biləcək milyonlar əmrini gözləyəcək. Pərakəndə, nizamsız dəstələrdən güclü düşməni titrədən, qələbələr qazanan nizami ordu yaradacaqdı.
Ana bilmirdi ki, oğlu hələ ölkəsinin əyalət sayıldığı bir zamanda min əziyyətlə, həyatını təhlükəyə ataraq vətəni üçün ana dilini, həmvətənlərinə rahatlıq, itirilmiş adlarının qaytarılmasını tələb edəcəkdi. Qəriblikdə uyuyan vətən övladlarının həsrətinə son qoyacaqdı.
Sandıqlarda bükülü qalan, gizlədilməkdən qat kəsən, milyonların həsrətini çəkdikləri, yalnız beyinlərdə, ürəklərdə dalğalanan üç rəngli bayrağı göylərə qaldıracaq. Dünyanın hər yerinə daşıyacaqdır. Ana nələri bilmirdi, nələri...
Naxçıvan Pedoqoji Texnikumunu bitirib təhsilini Azərbaycan Sənaye İnstitutun memarlıq fakültəsində təhsil alan Heydər Əliyevin təhsilini başa çatdırmağa II Dünya müharibəsi imkan vermədi. Müharibə illərində müxtəlif məsul vəzifələrdə çalışmaqla yanaşı, hər zaman təhsilini  artırmağa çalışmış, müxtəlif təhsil ocaqlarında ali təhsil almışdır. Dövlət təhlükəsizliyi orqanlarında 25 il (1944-1969) çalışan dahi lider 1967-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsi sədri vəzifəsinə təyin olunmuş və elə həmin il də general-mayor rütbəsi almışdır. 46 yaşında - 1969-cu il 14 iyulda Azərbaycan KP MK-nın birinci katibi seçilmiş və 1982-ci ilə qədər bu vəzifədə çalışmışdır. Bu illər ərzində o öz həyatını təhlükələrəə ataraq milləti, xalqı üçün çox işlər görmüşdür.  Çünki belə bir zamanda “yuxarılara” edilən hər hansı tələb millətçilik adı altında sürgünlə nəticələnirdi. Həmin dövrdə geridə qalmış aqrar respublikanı inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, qısa müddətdə sovet respublikaları arasında hər cəhətdən inkişaf edən regiona çevirmişdir. Rəhbərliyin göstərdiyi maneələr onu iradəsindən döndərmir və hazırda Azərbaycanın inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflərin özülü o illərdə qoyulurdu. Vaxtilə onun keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi xəyal olaraq qalardı.
Məhz həmin illərdə xalq üçün etdikləri idi ki, yenidən xalq Liderini istədi, özünə arxa-dayaq gördü. Dahi liderin “Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir” inamı idi onu xalqa sevdirən. Ölkənin müharibə şəraitində olmasına baxmayaraq, böyük risk və qətiyyətlə islahatlar konsepsiyası hazırlamaq, ardıcıl həyata keçirmək yalnız uzaqgörən dövlət xadiminin işi idi.
Doğurdan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti təhlil edən uzaqgörən lider ölkəsinin bütün dövlətlərlə sıx əlaqəsini yarada bilmiş və Azərbaycanın iqtisadi və siyasi maraqlarını təmin edə bilmişdir.
...Amma günəş deyəsən gələcəyi görürdü. Çünki bayaqkı qısqanclıqdan əsər qalmamışdı. İndi qürur, sevinc, sevgi vardı üzündə. Çünki gələcəkdə milyonların qəlbində taxt quracaq, heykəllərini, büstlərini qəlblərdə ucaldacaq, ölməzliyə qovuşacaq birisinə baxıb qürurlanmamaq qeyri-mümkün idi. Odur ki, şüaları ilə ona tay olan insan övladını oxşayır. Onun dahiyə, həyatını vətəninə qurban verən liderə – “vətənin günəşi”nə çevriləcəyinə şahid olacağına sevinirdi.
Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də o idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də Ümummilli Liderin sayəsində Azərbaycan dünya birliyinə inteqrasiya prinsiplərini uğurla həyata keçirməyə başlamış, həm də elə böyük nailiyyətlər əldə etmişdir ki, bu gün də həmin uğurların bəhrəsini həyatımızda hiss edirik. Ulu öndər gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli -mənəvi dəyərləri yaşatmağa qadir olan ölkəni miras qoymuşdur. “Bizim gələcəyimiz gənclərdir”, - deyən Ümummilli Lider həm də gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik dövlət, ölkə əmanət ediləcəyinə söz verirdi.
Ulu öndər Heydər Əliyevin gördüyü işlər, atdığı addımlar Azərbaycan xalqı üçün o qədər dəyərli, o qədər əvəzolunmazdır ki, yüzilliklər keçsə də, onun izləri silinməyəcək, daim dəstxətti seçiləcəkdir. Azərbaycan xalqı həmişə onu dərin ehtiramla yad edəcəkdir.

Bookmark and Share