BDU-nun Filologiya fakültəsinin əməkdaşları “Çingiz Aytmatov və Türk dünyası” mövzusunda beynəlxalq tədbirdə iştirak ediblər
15/12/202012 dekabr 2020-ci il tarixində Yusuf Balasaqunlu adına Qırğız Milli Universitetinin Qırğız filologiyası fakültəsinin Türkologiya və tərcümə tədqiqatları bölməsi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin əməkdaşları - Rus ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə və “Türkoloji araşdırmaları” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova ilə birlikdə “Çingiz Aytmatov və Türk dünyası” mövzusunda onlayn beynəlxalq tədbir keçirib.
“Google Meet” platforması üzərindən təşkil olunmuş və “Dünya türkoloqları ilə görüşlər” silsiləsindən ilk görüş olan tədbir məşhur qırğız yazıçısı Çingiz Aytmatovun həyatı və yaradıcılığına həsr edilib.
Açılış nitqi ilə çıxış edən Qırğız filologiyası fakültəsinin dekanı, professor Bakıt Jaylobayev azərbaycanlı alimləri salamlayaraq, Azərbaycan xalqını Vətən müharibəsində qazandığı parlaq qələbə münasibətilə təbrik edib və tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirib.
Çingiz Aytmatovun yaradıcılığı haqqında məruzə edən professor Leyla Gərayzadə böyük yazıçının irsinin Azərbaycanda tədqiq olunması, onunla bağlı keçirilən tədbirlər barədə məlumat verib və onun məruzəsi virtual təqdimatla müşahidə olunub. Məruzədə Çingiz Aytmatov yaradıcılığının Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi də xüsusi qeyd olunub.
Ülviyyə Hüseynova dünya ədəbiyyatında hər əsəri bir hadisə kimi qəbul edilən Çingiz Aytmatovun türk dünyasında yerindən, qırğız-Azərbaycan ədəbi əlaqələrindən danışıb. O, yazıçının qlobal və bəşəri problemləri qırğız həyatından, təbiətindən keçirərək ümumiləşdirib öz oxucusuna qırğız-türk düşüncə tərzini, etnik bağlılığını, həyat və məişətini öz dolğunluğu ilə çatdırmasını və buna çox uğurla müvəffəq olmasını qeyd edib.
Görüşdə iştirak edən tələbələr azərbaycanlı qonaqlara Çingiz Aytmatovun yaradıcılığı və yazıçının Azərbaycanda araşdırılması ilə bağlı suallar ünvanlayıblar.
Tədbirin sonunda universitetin rektoru, professor K.Sadıkov çıxış edərək, məruzələri yüksək qiymətləndirib, belə görüşlərin mütəmadi keçirilməsinin Bakı Dövlət Universiteti ilə Yusuf Balasaqunlu adına Qırğız Milli Universiteti arasında uğurlu əməkdaşlığa yol açacağına əminliyini vurğulayıb və azərbaycanlı alimlərə təşəkkür məktubu göndərdiyini bildirib.
