BDU-nun Filologiya fakültəsinin müəllimləri XIV Böyük Türk Dili Qurultayında
30/09/201926-27 sentyabr 2019-cu il tarixlərində Bakıda Yunus Əmrə İnstitutunda XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramı keçirilib. 1932-ci ildəki ilk Türk Dili Qurultayının açılış gününə təsadüf edən tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə gerçəkləşib. 120 elm adamının qatıldığı qurultayda türk dilləri, türk ədəbiyyatı, türk dillərinin tarixi, dil əlaqələri, türk dillərinin etimologiya və onomastikası, türk lüğətçiliyi mövzularında məruzələr dinlənilib.
Qurultayda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimləri: professor Zemfira Şahbazova və dosent Mehriban Əlizadə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva uğurla təmsil edib. Prof. Zemfira Şahbazovanın “Türk dillərində şəxs əvəzlikləri və onların linqvistik xüsusiyyətləri”, dos. Rəhilə Quliyevanın “Rus dilində türk mənşəli sözlərin araşdırılması“, dos. Mehriban Əlizadənin “Ortaq türk abidələri prof. S.Əlizadənin araşdırmalarında” mövzularında çıxışları böyük maraqla qarşılanıb, məruzələr ətrafında maraqlı müzakirələr aparılıb. Sonda məruzəçilər sertifikatlarla təltif olunub.
