Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbələri ölkəmizi Kazanda keçiriləcək beynəlxalq festivalda təmsil edəcək

31/10/2018

Yaxın günlərdə Rusiya Federasiyasının Kazan şəhərində “Təhsilin inkişafı” Dövlət Proqramı çərçivəsində Rusiya xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarına həsr olunmuş şagird və tələbələrin beynəlxalq festivalı keçiriləcək.
Festivalın əsas məqsədi mənəvi mədəniyyətin qurulması, qorunması və ötürülməsi istiqamətində Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan ölkələrin dilləri və ədəbiyyatlarının, rus dili və ədəbiyyatının başlıca vasitə kimi mövqelərinin möhkəmləndirilməsi, həmçinin rus dilinin Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarında mədəniyyətlərarası dialoq və yaradıcı özünüifadə vasitəsi kimi təbliğidir.
Festival iki turdan -  regional və yekun mərhələlərdən ibarətdir. İlk mərhələ - regional tur 15-20 oktyabr 2018-ci il tarixlərində baş tutub. Yekun tur isə 11-14 noyabr 2018-ci il tarixlərində Kazan Federal Universitetinin bazasında keçiriləcək.
Tədbirdə Rusiya Federasiyasına daxil olan milli respublikaların orta ümumtəhsil müəssisələrinin 10-11-ci sinif şagirdləri, peşə təhsili müəssisələrinin tələbələri, habelə humanitar və qeyri-humanitar yönümlü ali təhsil müəssisələrinin və MDB-yə daxil olan türkdilli ölkələrin universitet tələbələri iştirak edir.
Festival şagird və tələbələr tərəfindən bədii əsərlərdə təcəssüm olunmuş ümumbəşəri və milli-mədəni dəyərlərin dərk edilməsində, onların mənəvi mövqelərinin, vətənə olan məhəbbət hissinin, estetik zövqünün, nitq və ünsiyyət mədəniyyətinin formalaşmasında, habelə Rusiya Federasiyasının və MDB-yə daxil olan türkdilli ölkələrin istedadlı gənclərinin aşkar olunması və onlara dəstək verilməsində mühüm rol oynayır.
Festivalın auditoriyası Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan (Qaraqalpaqıstan), eləcə də Rusiya Federasiyasının Kalmıkiya, Komi, Altay, Saxa (Yakutiya), Buryatiya, Xakasiya, Kabardin-Balkar, Mordoviya, Tatarıstan, Udmurtiya və digər milli respublikalarının istedadlı tələbə gənclərini əhatə edir. Müsabiqənin regional turunda iştirak etmək arzusunda olan tələbələr təşkilat komitəsi tərəfindən təklif olunmuş mövzulardan birinə aid elmi məqalə təqdim etmiş, ilkin dəyərləndirmənin nəticəsi olaraq, regional mərhələnin qalibləri final turunda iştirak etmək üçün dəvət olunmuşlar.
Bu mötəbər tədbirdə ölkəmizi regional turun qalibləri – Bakı Dövlət Universiteti Filologiya fakültəsi rus bölməsinin IV kurs tələbələri Şərafutdinova Cəmilə və Məmmədova Zümrüd təmsil edəcəklər.
Festivalın yekun turu çərçivəsində müsabiqənin əsas şərtlərindən əlavə Rusiya və MDB ölkələrinin milli ədəbiyyatların inkişafı və qarşılıqlı əlaqələri üzrə aparıcı mütəxəssislərin iştirakı ilə dəyirmi masalar, ustad dərsləri, yaradıcı görüşlər, elmi-kütləvi mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Bookmark and Share