Home AZ | EN | RU

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

12/12/2018

Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində 9-10 dekabr 2018-ci il tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutu və Rusiya Dövlət Humanitar Universitetinin təşkilatçılığı ilə “Çingiz Aytmatov və müasir dünya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa dünyanın müxtəlif ölkələrindən – Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s. ölkələrdən 100-dən çox elm adamı qatılıb.
Konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə və «Türkoloji araşdırmalar» elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova uğurla təmsil edib.
Açılış mərasimindən əvvəl konfrans iştirakçıları və qonaqlar böyük qırğız yazıçısının 90 illiyinə həsr olunmuş “Çingiz Aytmatovun dünyası” adlı kitab sərgisi ilə tanış olub. Sərgidə L.Gərayzadənin “Rusdilli yazıçıların yaradıcılığında etno-epik yaddaş problemləri”, “Seysmoloji qurşaq”, “Rusdilli türk yazıçılarının ideoloji axtarışları”, “Çingiz Aytmatovun dünyası” və Ü.Hüseynovanın “Çingiz Aytmatovun rusdilli əsərlərində türkizmlər” adlı kitabları da nümayiş olunub.
Plenar iclasda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktoru, professor İqor İşenaliyeviç Abılqazıyev və Qırğızıstan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bolot İskakoviç Otunbayev çıxış edib.
Bölmə iclaslarında Leyla Gərayzadə «Çingiz Aytmatovun yaradıcılığında din mövzusu», Ülviyyə Hüseynova isə «Çingiz Aytmatovun əsərlərində poetik sintaksisin fiqurları» adlı məqalələrlə məruzə ediblər. Çıxışlar konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları dinlənilib, iştirakçılara sertifikatlar təqdim olunub.
Həmçinin səfər müddətində BDU-nun təmsilçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun əməkdaşları L.Hüseynova və C.Abbasovla birlikdə Çingiz Aytmatovun yeni ucaldılmış heykəlini ziyarət edib, Moskvanın Böyük Konsert Zalında görkəmli yazıçının 90 illiyinə həsr olunmuş təntənəli gecəyə qatılıblar.

Bookmark and Share