BDU-nun kafedra müdiri TÜRKSOY medalına layiq görülüb
04/11/2016Dahi türk şairi, mütəfəkkiri və dövlət xadimi Yusif Xas Hacib  Balasağunlunun anadan olmasının min illiyi münasibətlə TÜRKSOY 2016-cı  ili Yusif Balasağunlu ili elan edib. Bu çərçivədə Türkiyədə,  Qazaxıstanda, Qırğızıstanda və Azərbaycanda yubiley tədbirləri, konfrans  və simpoziumlar keçirilib, Yusif Balasağunlu və onun məşhur “Qutadğu  Bilig” poeması ilə bağlı maraqlı elmi məruzələr oxunub. Tanınmış  türkoloq və ədəbiyyatşünas, BDU-nun türkologiya kafedrasının müdiri,  professor Ramiz Əskər yubileyə töhfə olaraq “Qutadğu Bilig  biblioqrafiyası” adlı kitab yazıb. Burada 20 dildə (Azərbaycan, türk,  qazax, özbək, uyğur, qırğız, ingilis, fransız, alman, italyan, macar,  rus, Çin və s.) 1540 biblioqrafik mənbə (kitab, minoqrafiya, məqalə,  dissertasiya və s.) toplanıb. Astanadakı Lev Qumilyov adına Milli  Universitetin ədəbiyyat fakültəsində isə müəllifin iştirakı ilə təqdimat  mərasimi keçirilib.
 Daha sonra Türk Dünyasının 2016-cı il  mədəniyyət patyaxtı Şəki şəhərində TÜRKSOY-un və M.F.Axundzadə adına  Milli Kitabxananın təşkil etdiyi beynəlxalq elmi konfransda həmin  tədbirə qatılan xarici qonaqlara və şəhər ictimaiyyətinin  nümayəndələrinə təqdim edilib.
 Qeyd edək ki, “Qutadğu Bilig”lə bağlı  sanballı araşdırmalarına görə Ramiz Əskər TÜRKSOY-un təsis etdiyi  “Yusif Balasağunlu” medalı ilə təltif edilib.  Xatırladaq ki, alim  “Qutadğu Bilig”i ana dilimizə tərcümə edib, bu əsər üzrə iri monoqrafiya  və namizədlik dissertasiyası yazıb, iyirmiyə yaxın məqalə qələmə alıb.

 
                
                    


