Home AZ | EN | RU

“Bəkir Çobanzadə və ümumtürk ədəbi dili məsələsi” mövzusunda elmi seminar

04/12/2017

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Bəkir Çobanzadə və ümumtürk ədəbi dili məsələsi” mövzusunda elmi seminar keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Mövzu üzrə məruzə edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı, TEB-in sədri Pərvin Eyvazov görkəmli dilçi alimin ümumtürk ədəbi dili məsələsi ilə bağlı tədqiqatlarından ətraflı söz açıb, bu istiqamətdə B.Çobanzadənin həm elmi, həm də ictimai fəaliyyətindən bəhs edib. Həmçinin məruzəçi müasir türkologiyada ümumtürk ədəbi dili məsələsinə münasibətdən, türk coğrafiyasında həyata keçirilən layihələrdən və B.Çobanzadənin bu gün də öz aktuallığını saxlayan fikirlərindən danışıb.
Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Anar Fərəcov, Gülnar Axundova, magistrantlardan Həvva Əhmədova, Pərvin Rəhimov, İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Qismət Cəfərov, Günel Quliyeva, Aidə Musazadə və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, gələcəkdə belə seminarların mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd ediblər.  
Elmi seminardan sonra TEB-in bu tədris ili üçün ilk genişləndirilmiş iclası keçirilib. İclasda gündəlik məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb. Növbəti il üçün birliyin idarə heyətində bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Bookmark and Share