Home AZ | EN | RU

Böyük insan - Əbülfəz Rəcəbli - 85

06/05/2021

Tələbələr simsiz teleqraf kimidir... Birinci kursda bizə xəbər elədilər ki, ikinci semestrdə “Dilçiliyə giriş” fənnindən sizə bir müəllim dərs deyəcək, çox savadlı, qeyri-adi dərəcədə fenomenal, həm də tələbkar müəllimdir, ondan ehtiyatlı olun. Maraqlı tələbə psixologiyasıdır, dərslər qalmışdı bir yana, hamımız həsrətlə ikinci semestri, həmin müəllimi gözləyirdik. Nəhayət qapı açıldı və o, içəri daxil oldu.  O vaxt indiki İsliqlaliyyət küçəsindəki korpusda oxuyurduq və  qapı auditoriyanın arxa tərəfində idi, buna görə də müəllim içəri girəndə hamımız arxaya çevrilib maraqla onu başdan-ayağa süzdük. Birinci kurs tələbələri üçün “əfsanəvi müəllim” boy-buxunlu, iri cüssəlinin  biri olmalı idi.  Çəlimsiz, arıq, bəstəboylu adam arxadan  gəlib irəli keçənə kimi bizim gözlərimizdə bir az da balacalaşdı. “Elə buydu gözlədiyimiz? Ay,hay!!!” Bu məsələyə rəvac verən amillərdən biri də neçə vaxtdan bəri həsrətində qaldığımız  “əfsanəvi müəllim” mifi idi. “Mən sizə “Dilçiliyə giriş” fənnindən mühazirə oxuyacağam. Adım Əbülfəz, familiyam Rəcəbovdur”. Nə isə, bu kişinin boy-buxunu yaratdığımız mifi necə məhv eləmişdisə, oxuduğu dərin məzmunlu və maraqlı mühazirələr, fənnə və ümumiyyətlə dilçilik elminə hərtərəfli bələdliyi, zəngin biliyi, üstəlik yeri gəldikcə Orxon-Yenisey abidələri haqda danışdıqları pillə-pillə onu gözlərimizdə böyütməyə başladı və bir də gördük ki, Əbülfəz müəllim bizim yaratdığımız mifdən də xeyli böyük adamdır. Xüsusən də, görəndə ki, bu müəllim imtahanda heç də deyildiyi kimi sərt, amansız deyil, əksinə çox obyektiv adamdır, oxuyan tələbələrin lap sevimlisi oldu. Xoşbəxtlikdən, mən onunla lap tez doslaşdım, universiteti bitirənə kimi artıq bir neçə dəfə evlərində də oldum və gördüm ki, bu adam həqiqətən böyük adamdır, uşaq vaxtı xəyallarımda canlandırdığım “böyük adamlar” kimi beşmərtəbəli ev boyda olmasa da, daxilən çox zəngin, yetkin adamdır. Evi də təsəvvür etdiyim kimi bəzəkli mebellərlə dolu, pianinolu, bahalı pərdələrlə əhatə olunmuş vəziyyətdə deyil, sadəcə bir otaq kitablarla dolu rəflərdən ibarətdir, oradaca  onun yazı masası yerləşir, vəssalam!  Ancaq bu sadə yazı masasında nələr yazılıb, nə qədər yazılıb, özü də  necə yazılıb, bunu ancaq məni kimi şahidlər bilər. Məsələ burasındadır ki, o zamanlarda kompüter- filan yox idi, yazı makinalarını da Əbülfəz müəllim səs-küyünə  görə qəbul eləmirdi-çünki o balaca evdə 4 uşaq böyüyürdü. Makinanın səsindən uşaqlar gecələr yatmazdılar, bu da valideyn kimi onun böyüklüyüdür, gecələr oturub yazılarını ən yaxşı xəttatların həsəd apara biləcəyi xırda və gözəl xəttilə  yazır, səhər də durub dərsə gedirdi. Bir dəfə soruşdum ki, Əbülfəz müəllim, xəttin belə gözəl olması üçün ki, bu qədər çalışırsınız, bunun əvəzinə bir az səliqəsiz xətlə daha çox yaza bilərsiniz axı, niyə belə etmirsiniz? Cavab verdi ki, mən heç xəttimin gözəl olması üçün çalışmıram, xəttim elə belədir, mən vərdiş eləmişəm ki, həmişə səliqəli və gözəl yazım, xəttimi oxuyanlar narazılıq etməsinlər, bu, istər kitab çap edənlər olsun, istər 100 ildən sonrakı tədqiqatçılar olsun, adam gərək həmişə məsuliyyət hiss eləsin, bəlkə heç bunları kitab kimi çap etdirə bilmədim, barı xəttimdən bir şey oxuya bilsinlər də... Gördüm ki, bu kişi yazı-pozu məsələsində də böyük adamdır, hər şeyi, hər kəsi, hər zamanı düşünür...

Sonralar onunla kolleqa olub bir kollektivdə işləmək, daha yaxından ünsiyyətdə olmaq xoşbəxtliyi də nəsibim oldu. Bu zaman daha dərindən əmin oldum ki, Əbülfəz müəllim həqiqətən böyük adamdır! Əqidədən dönməyən, heç nədən, heç kəsdən çəkinməyən, istənilən səviyyədə sözünü deyən, cəsarətli, inadkar, məhsuldar və istedadlı alimdir. Hamını, hətta bu gidi dünyanı da  “yola verən”,  ən həlledici məqamlarda heç yerdə səsini çıxarmayan,  qeybətdən başqa heç nə danışmayan bəzi həmkarlarından fərqli olaraq, açıq mövqeyi, dərin mühakiməsi, güclü məntiqi olan professor Əbülfəz Rəcəbli fakültənin müxtəlif səpgili  iclaslarına ruh verən, “bozluqdan” çıxarıb ona rəng qatan xüsusi şəxsiyyətdir.

Onun türkoloqluğu ayrı bir mövzudur. Əslində ümumi dilçilik sahəsində dərin mühazirələr oxuyan, 55 ilə yaxın həmin kafedranın müəllimi və bir müddət də müdiri olan,  Ferdinand de Sössürü tələbəbərinə nəinki öyrədən, hətta sevdirən  Əbülfəz müəllimin ümumi dilçiliklə bağlı yazdıqları, sosiolinqvistika, struktur dilçiliklə bağlı apardığı tədqiqatlar onu dilçilik tarixinə həkk etməyə tam əsas verir. Ancaq daxili zənginliyindən, mənəvi böyüklüyündən bu adam yorulmadan, usanmadan bütün şərəfli ömrü boyu türkologiyanın ən mürəkkəb sahəsi olan tarixi ilə bağlı çox əhəmiyyətli tədqiqatlar aparmışdır.  Mən cəsarətlə demək istəyirəm ki, Türk dünyasının ən məhşur alimləri ilə bir sırada, hətta bəzi göstəriciləri ilə hamıdan qabaqda  dayanan professor Əbülfəz Rəcəblinin dəyərli araşdırmaları bu gün beynəlxalq siyasət aləmində türk xalqlarının gələcəyi və keçmişi ilə bağlı çox tutarlı fikirlərin səsləndirilməsində, türklərin minilliyə möhür vurası bir millət kimi səciyyələndirilməsində elmi əsas yaradan qiymətli mənbələrdən biridir. Məhz o,  Göytürk dilini fonetikadan sintaksisə kimi dərindən araşdırmış, qədim türk yazılı abidələrini öyrənərək bir çox qaranlıq mətləblərə aydınlıq gətirmiş, Orxon-Yenisey haqqında heç kəsin deyə bilmədiyi qənaətləri dünya dilçiliyinə bəyan etmişdir. Bir neçə türkoloqun bir yerdə  yazdıqlarından iki və daha çox dəfə artıq kitabları olan bu unikal alim şöhrətin dalınca qaçmamağıyla da böyükdür. Şair demişkən, “çox tozanaq atlını təmkin atıyla keçən” professor Əbülfəz Rəcəbli çox böyük mükafatlara, fəxri adlara, titullara, necə deyərlər, həqiqi akademikliyə layiq bir şəxsiyyətdir. Ancaq heç nəyin marağında olmayıb, şöhrət aludəsi olanlar onu əldə etməyin variantları haqda düşünəndə, bu adam oturub kitab yazıb,onlar kiməsə yarınmaq üçün bəlağətli tostlar fikirləşəndə, bu, məqalələri haqda fikirləşib, onlar müxtəlif konfranslarda görünmək üçün təyyarələrə oturanda, bu, sadə yazı masasının arxasında oturub. Dünyada heç nədə, heç kəsdə, heç bir vəzifədə, titulda gözü olmayıb! Bütün “yüksəkliklərin” fövqündə dayanmağı bacarıb- bununla da Əbülfəz Rəcəbli olub! Hamının sevdiyi, qəbul etdiyi, hörmət və rəğbət bəslədiyi böyük bir şəxsiyyət- professor Əbülfəz Rəcəbli! Tələbələrinin, iş yoldaşlarının, müəllim həmkarlarının, dostlarının, qohumlarının gözündə hər gün bir az da böyüyən, daha da ucalan böyük insan! Hələ uzun illər ucalmasını, yüksəlməsini, sevilməsini arzuladığımız Əbülfəz müəllim! Allah Sizi qorusun!


Fikrət ŞİRİYEV
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti

Bookmark and Share