Home AZ | EN | RU

BÖYÜK QƏLƏBƏYƏ APARAN ZƏFƏR YOLU

08/11/2021

Böyük zəfərlə başa çatan və Azərbaycan xalqının tarixində əbədi qürur yeri olan  44 günlük Vətən müharibəsindən artıq bir il ötür. Savaş dövründə dünyaya milli birlik nümayiş etdirmiş Azərbaycan xalqı qazandığı parlaq qələbə ilə yenidən doğuldu, öz coğrafiyasının günəşinə çevrildi. Təbii ki, Vətən müharibəsinin zəfərlə başa çatması uzun illər həyata keçirilən mühüm missiyaların, aparılan müdrik siyasətin, dərin strateji düşüncənin, qarşıya qoyulan dəqiq hədəflərin professional şəkildə icrasından qaynaqlanırdı. Bütün bu mənzərədən çıxış edərək, belə düşünürük ki, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə qürur yerimiz olan Müzəffər Ordumuzun qazandığı qələbəyə aparan zəfər yolu aşağıdakı istiqamətlərdə əldə olunan böyük nailiyyətlərin nəticəsi idi:
Ölkədə ictimai-siyasi və sosial sabitliyin təmin olunması. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra qarşısında dayanan əsas hədəflərdən biri ölkədə sabitliyin bərqərar olunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, bəzi regionlarda baş qaldıran separatizm meyillərinin kökünün kəsilməsi və xalq birliyinə nail olmaq idi. Ümummilli Liderin güclü iradəsi və zəngin təcrübəsi ilə bu problemlər qısa müddətdə öz həllini tapdı. Və sonrakı mərhələdə cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirdi.
Azərbaycanın enerji strategiyası. Dövlətin güclü olması onun iqtisadi qüdrəti ilə müəyyənləşir. İqtisadi qüdrət isə iqtisadi resursların düzgün idarə olunması və onun dayanıqlılığının təmin edilməsi ilə formalaşır. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözlərinin müəllifi Ümummilli Lider Heydər Əliyev Azərbaycanı enerji sahəsində mühüm geosiyasi məkanlardan birinə çevirdi və onun rəhbərliyi ilə ölkəmizin taleyini dəyişdirən “Əsrin müqaviləsi”i imzalandı. İri enerji layihələrinin həyata keçirilməsi, Azərbaycan neftinin dünya bazarına çıxarılması iqtisadi dirçəlişin təməlini qoydu. “Bakı-Tbilisi- Ərzurum” qaz kəməri, “Bakı-Novorossiysk”, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərlərinin çəkilişi ölkə büdcəsinə ciddi gəlir gətirdi. Prezident İlham Əliyevin ideyası və qətiyyətli addımları ilə TANAP, TAP kimi dünya əhəmiyyətli meqalayihələr reallaşdı. Bununla da, Azərbaycan bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq əslində həm də regionun təhlükəsizliyinə xidmət etmiş oldu. Beləliklə, Azərbaycan hökumətinin güclü səyləri nəticəsində Cənubi Qafqaz regionu geosiyasi ziddiyyətlər deyil, faydalı tərəfdaşlıq poliqonuna çevrilir.
Azərbaycanın qlobal nəqliyyat qovşağının səmərəli və etibarlı körpüsünə çevrilməsi. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas elementlərindən biri mühüm nəqliyyat qovşaqlarının ölkəmizi beynəlxalq tranzit mərkəzinə çevirməsi ilə bağlıdır. Azərbaycan dövləti müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla, mühüm beynəlxalq layihələrin icrasında yaxından iştirak etməklə, şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində güclü tərəfdaşlar qazanmaqla aparıcı ölkələrdən birinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, tarixi ipək yolunun bərpası, Çinin irəli sürdüyü “Bir kəmər – bir yol” layihəsinin strateji və geosiyasi imkanlarını nəzərə alaraq dəstək verilməsi və həmin yolun Azərbaycandan keçməsi üçün görülən işlər  ölkəmizi daha mühüm tranzit mərkəzə çevirməkdədir. Təbii ki, bütün bunlar həm də Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.
Gənclərlə bağlı siyasətin prioritet təşkil etməsi. Ulu öndər Heydər Əliyevin xalqın böyük təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə həyata keçirilən islahatlar sırasında gənclər siyasəti mühüm yer tutur. Dövlət gənclər siyasəti Azərbaycanın prioritet istiqamətlərindən birinə çevrilir. Qısa müddətdə Gənclər və İdman Nazirliyi yaradılır, Azərbaycan Gəncləri Günü təsis olunur, müxtəlif sahələrdə uğur qazanmış gənclərə prezident mükafatları təqdim edilir, gənclər dövlət idarəçiliyinə cəlb olunur və s. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət və qayğının göstərilməsi istiqamətində mühüm işlər görülür. Belə ki, gənclərlə bağlı dövlət proqramlarının qəbul olunması, xarici ölkələrdə təhsil alan və mühüm vəzifələrdə çalışan gənclərin dəstəklənməsi, ölkəmizdə könüllülük hərəkatının formalaşması, son bir neçə ildə gənc kadrların məsul vəzifələrə təyin olunması, Vətən müharibəsində iştirak edən gənclərin və onların ailələrinin dövlət qayğısı ilə əhatə olunması cənab Prezidentin gənclərə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Danılmaz faktdır ki, məhz Ulu öndər H.Əliyev və cənab İ.Əliyevin hakimiyyətləri dövründə milli ruhda yetişən gənclik vətən torpaqlarımızı azadlığa qovuşdurdu.
Ölkədə idmanın inkişafı. Ölkə vətəndaşlarının sağlamlığının qorunması, gənclər arasında idmanın populyarlaşması, ölkədə çox sayda olimpiya komplekslərinin istifadəyə verilməsi, beynəlxaq idman yarışların təşkili və s. Azərbaycanda idmanın inkişafına böyük töhfələr verdi. İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanda Olimpiya Hərəkatının və idmanın qısa müddətdə belə sürətli inkişafı reallığa çevrilmişdir. 44 günlük Vətən müharibəsində idmançı gənclərin məharəti, xüsusən Şuşanın azad olunmasında göstərdikləri qəhrəmanlıqlar hər bir vətəndaşımızı qürurlandırmaqla yanaşı, şanlı qələbəni tarixin yaddaşına əbədi həkk etdi.
Beynəlxalq tədbirlər. Məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə aparılan uğursuz siyasət nəticəsində Azərbaycan daxili çəkişmələrdən və böhranlardan yaxa qurtara bilmədiyi üçün beynəlxalq miqyasda o qədər də tanınmırdı. Bunun nəticəsində ölkəni xaos bürüyür, torpaqlarımız ard-arda işğal olunurdu. Ermənistan Respublikası və erməni diasporası bu fürsətdən maksimum yararlanaraq bütün dünyaya həqiqətə uyğun olmayan məlumatlar yayır, mövcud vəziyyəti saxta dəlillərlə, süni təqdimatlarla öz lehlərinə çevirirdilər. H.Əliyevin siyasi hakimiyyətə qayışından sonra onun çiyinlərinə düşən ən ağır və məsul yük böyük haqsızlığa uğramış ölkəmizi bu xaosdan qurtarmaq və yenidən dünyanı qarşı tərəfin – Azərbaycanın həqiqətlərinə inandırmaq idi. Ulu öndərin qətiyyəti sayəsində ölkəmizin siyasi-iqtisadi böhrandan çıxarılması istiqamətində mühüm addımlar atıldı: Atəşkəs elan olunduqdan sonra beynəlxalq iqtisadi layihələrin icrası, beynəlxalq siyasi tərəfdaşlığın genişləndirilməsi, elm, təhsil, mədəniyyət və idman sahəsində beynəlxalq proqramların tətbiqi və ölkəmizdə mötəbər tədbirlərin təşkili Azərbaycanı dünya arenasında tanıtmağa başladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzlərindən birinə çevrildi. Təbii ki, Böyük Zəfərə gedən yolda ölkəmizin bu sahədəki misilsiz uğurlarının mühüm payı vardır.
Ordu quruculuğu. I Qarabağ müharibəsi dövründə, demək olar ki, ordumuz yox səviyyəsində idi. Vahid komandanlığın olmaması, ordunun müxtəlif qanunsuz silahlı qrupların əlində cəmləşməsi, ümumiyyətlə, ölkədə idarəçiliyin iflic durumda olması, söyləmək nə qədər acı olsa da, bizi erməni terrorçuları qarşısında aciz duruma salmışdı. Daxili qarşıdurmalar, hakimiyyət uğrunda əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı  müharibəyə başlaması bu prosesə təsir göstərirdi. 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından sonra qarşıda dayanan ən vacib məsələlərdən biri nizami ordunun yaradılması, onun maddi-texniki bazasının gücləndirilməsi idi. Hələ Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə milli hərbi kadrların yetişməsi istiqamətində mühüm işlər görmüş  Ümummilli lider Heydər Əliyev ordu quruculuğunda əsaslı islahatlar apardı, nizami ordunun formalaşmasına hərtərəfli şərait yaratdı. 2003-cü ildən cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoyur: ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanılır. Hərbçilərimiz dünyanın aparıcı ölkələrində təlimlərə qatılır. Ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaradılır. Ordumuz ən müasir silahlarla təmin olunur.
Bir çox sahələrdə olduğu kimi, Azərbaycan ordu quruculuğunda da özünə beynəlxalq tərəfdaşlar qazanır. Təbii ki, bu əlaqələrdə Türkiyə Cümhuriyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. İki qardaş ölkə arasındakı yüksək hərbi-siyasi tərəfdaşlıq ordumuzun həm maddi və mənəvi-psixoloji baxımdan güclənməsinə mühüm təsir göstərir.
Beynəlxalq münasibətlər. Azərbaycanın beynəlxalq əlaqələri möhkəm milli maraqlar üzərində qurulmuşdur. Ölkəmiz Avropa Şurasına, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və s. mötəbər təşkilatlara üzv olmaqla beynəlxalq mövqeyini daha  gücləndirmiş, özünə güclü tərəfdaşlar qazanmışdır. Vaxtilə saxta, uydurma dəlillərlə dünya dövlətlərinin diqqətini yayındırmağa və həqiqətləri yanıltmağa çalışan ermənilər və ermənipərəst qüvvələr Azərbaycan dövlətinin yürütdüyü böyük siyasi strategiyanın qarışısında çıxılmaz vəziyyətdə qaldılar. İlham Əliyevin polad iradəsi, qətiyyətli mövqeyi və uzaqgörən siyasi fəaliyyəti Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə qəbul etdirməyə müvəffəq oldu. Nəticədə, Ermənistanın işğalçı dövlət olması ilə bağlı qərar və qətnamələr qəbul edən həmin beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü tanıdı. Beləliklə, Azərbaycanın mövqeyi hüquqi cəhətdən də möhkəmləndi. Bütün bunlar ölkəmizin haqq savaşında kənar dövlətlərin müdaxiləsinin qarşısını almağa hesablanmışdı və biz bunun nəticəsini müharibə dövründə açıq-aydın gördük.
Regionda sülhün, sabitliyin və multikulturalizmin qarantına çevrilən Azərbaycan qonşu dövlətlərlə də bütün sahələrdə yüksək əlaqələrə malikdir. Türkiyə, Rusiya, Gürcüstan o cümlədən Xəzəryanı türkdilli dövlətlərlə qırılmaz əlaqələr quran ölkəmiz mühüm layihələrin və proqramların icrasında qonşuluq prinsiplərinə həssaslıqla yanaşır, qarşılıqlı münasibətlərin yüksələn xətt üzrə inkişafına xüsusi diqqət yetirir.  Bu münasibətlər çərçivəsində qardaş Türkiyə ilə olan əlaqələrin məzmunu və mahiyyəti xüsusilə daha dərin köklərə söykənir. Beləliklə, bütün bu proseslər cənab Prezidentin vurğuladığı kimi, Ermənistanı regionda dalan dövlətə çevirdi və bir daha Ermənistanın terror dövləti olduğunu isbatladı.
Aprel döyüşləri. Bildiyimiz kimi, 2016-cı ilin 02-05 aprel tarixiləri arasında Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqi normativlərə məhəl qoymadan Azərbaycana qarşı hücum əməliyyatına başlamışdı. Beynəlxalq havadarlarına arxayınlaşan erməni terrorçuları Atəşkəs müqaviləsindən sonra ilk dəfə bu qədər azğınlaşmış, öz çirkin niyyətlərinin miqyaslarını genişləndirməyə “cəhd göstərmişdilər”.  Ancaq Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənə ağır zərbələr endirildi, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Beləliklə, Aprel döyüşləri şanlı zəfərimizin müjdəsi oldu, Böyük Qayıdışın əsasını qoydu və  nəhayət, Qarabağın azad ediləcəyi gününün uzaqda olmadığına əminlik yaratdı.
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və inamlı mövqeyi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan etibarən qarşısında dayanan ən mühüm və məsuliyyətli vəzifə torpaqlarımızın erməni işğalçılardan təmizlənməsi idi. Cənab Prezident 17 il ərzində bunu Azərbaycan xalqına etdiyi müraciətlərində, mötəbər beynəlxalq kürsülərdəki çıxışlarında dəfələrlə bəyan etmiş, ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün öz ailə üzvləri ilə bərabər bu mücadilənin önündə getmişdir. Uzun illər beynəlxalq səviyyədə həyata keçirilən irimiqyaslı layihələrin, tədbirlərin və icra olunan proqramların mahiyyətində və kökündə, təbii ki, birinci növbədə Qarabağın azad olunması dayanırdı. Bunu uzaqgörən liderin çıxışlarından aydın görmək olar. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda dövlət başçısı çıxışında deyir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Artıq həmin günün şahidi olduq.
İlham Əliyev prezident seçildikdən sonra xalqa verdiyi bütün sözləri reallığa çevirdi. 2016-cı il Aprel döyüşləri, daha sonra Günnütün azad olunması Böyük Zəfərin uzaqda olmadığına xalqımızda əminlik yaratdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uzun illər ərzində cənab Prezidentin ölkəmizin hərtərəfli inkişafı üçün gördüyü işlərin nəticəsidir.
Azərbaycan XXI əsrin müharibəsini aparmaqla dünyanın ən müasir və yeniliyə açıq dövlətlərdən biri olduğunu sübut etdi. Azərbaycan çağdaş dövrdə ədalətli yolla, heç bir vətəndaşı maddi sıxıntı çəkmədən və inkişafdan qalmadan, eyni zamanda pandemiya ilə ağır mübarizə şəraitində beynəlxalq qaydalara uyğun haqq savaşı aparan bir ölkə kimi dünyaya türk savaş sənətinin hansı mədəniyyətə malik olduğunu nümayiş etdirdi. Belə bir müzəffər ordunun müəllifi - Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızın azadlığı üçün göz qırpamadan canından keçən igid oğulların hər biri qəhrəmanlıq dastanı yazdı. Elə Vətən müharibəsi qəhrəmanımız Xudayar Yusifzadənin oxuduğu mahnıda deyildiyi kimi:
Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü…
Xalq da öz tarix yazan igidlərini belə dastanlaşdırır. Cavanşir, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai kimi sərkərdə - dövlət başçılarından sonra müasir tarixin  bizim taleyimizə bəxş etdiyi yeni dövlət başçısı, xalqımızın Ümummili qəhrəmanı - yeniləşən Azərbaycanın yeni memarı İlham Əliyevin simasında millətimiz daha böyük bir qəhrəmanı ilə dünyaya ibarət olacaq yeni bir tarix yazdı.
Xalqımızın yumruq kimi Ali Baş Komandanın və Müzəffər Ordunun ətrafında sıx birləşməsi Azərbaycanın gücünü dəmir yumruğa çevirdi. Bu dəmir yumruq düşmənin başını elə əzdi ki, çətin ki, bir də erməni terrorçuları bundan sonra özünə gəlsin. Heç bir düşmənimiz unutmasın ki, ölkəmizə göz dikənlər, onu talamaq istəyənlər bundan sonra ancaq Azərbaycanın dəmir yumruğunu görəcək.
Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan ordusu! Yaşasın Müzəffər Ali Baş Komandanımız!


Anar Fərəcov
BDU-nun Filologiya fakültəsinin dekan müavini



Bookmark and Share