Home AZ | EN | RU

Böyük tarixi hadisə ərəfəsində

21/05/2018

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə  2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin elm, təhsil, arxeologiya və digər sahələrdəki gərgin fəaliyyətinin nəticəsi və təsdiqi olaraq, 2018-ci il mayın 23-də Londonda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adının verilməsi ilə əlaqədar müqavilə imzalanacaqdır.
Bu, Oskford Universitetində daimi akademik mövcudluq hüququnu qazanmış ilk postsovet-müsəlman respublikası olan Azərbaycan üçün elm və mədəniyyət sahəsində  “Əsrin sazişi” olacaq. Bəşər tarixinin təcrübəsi göstərir ki, böyük elm aləminə daxil olmadan elmi varislik, əfsuslar olsun ki, sübüt edilə bilmir. Müqavilənin imzalanması aktı dünya elmi ictimaiyyətini tərəddüddə saxlayan bir sıra suallara aydınlıq gətirəcək.
Qeyd edək ki,  Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzi  artıq beş ildir, dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş qaydalar əsasında uğurla fəaliyyət göstərir. Oksford Universitetinin  təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələlərdə deyil, ümumiyyətlə, digər sahələrdə də Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malik olan bu Mərkəz Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və Qərbin elmi-akademik dairələrinə tanıdılması məqsədilə Oksford Universiteti nəzdində yaradılmış ilk akademik elmi tədqiqat ocağıdır.
Elmi Mərkəz yarandığı gündən bir sıra mühüm elmi-akademik layihələr həyata keçirib. Onlardan 2015-ci ildə keçirilmiş “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfransı, 2016-cı ildə Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində təşkil olunmuş beynəlxalq elmi konfransı, 2017-ci ildə Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsasını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilində ilk akademik tərcüməsinin təqdimat mərasimini və Elmi Mərkəzin tədris sahəsindəki fəaliyyətini əks etdirən layihələrdən birini - Mərkəzin dəstəyi ilə Oksford Universitetinin Şərqşünaslıq fakültəsində altı tələbənin təhsil almasını qeyd etmək olar. Oksfordda beşillik fəaliyyətin uğurlu yekunu kimi artıq Mərkəzin daimi qeydiyyata alınmasına da razılıq verilib.
Bir neçə gündən sonra dünyanın ən qədim elm və təhsil ocaqlarından olan Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi ilə bağlı müqavilənin imzalanması müstəqil Azərbaycan Respublikasının təhsil və mədəniyyət siyasətinin böyük uğuru kimi tarixə düşəcəkdir.

 

Bookmark and Share