Home AZ | EN | RU

“Dədə Qorqud” ETL “Türk dünyasında “Kitabi-Dədə Qorqud” adlı elmi seminar keçirib

05/11/2021

BDU-nun Filologiya fakültəsində “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Türk dünyasında “Kitabi-Dədə Qorqud” adlı elmi seminar keçirilib.
Seminarda laboratoriya əməkdaşları ilə yanaşı, “Dədə Qorqud” Fondunun rəhbəri, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, həmin jurnalın məsul katibi Nərgiz Qadaşova və AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Bayram Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Dədə-Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyeva iştirakçıları 8 noyabr – Zəfər bayramı münasibətilə təbrik edərək, əldə olunan bu böyük qələbənin tarixi əhəmiyyətindən, bu uğurda canlarını fəda etmiş qəhrəman oğullarımızın göstərdikləri igidliklərdən danışıb. Keçirilən seminarın əhəmiyyətindən söz açan A.Nəbiyeva bildirib ki, Türk dünyasının qəhrəmanlıq səlnaməsi olan “Kitabi-Dədə Qorqud” dastanının müasir dövrün tələbləri səviyyəsində müxtəlif istiqamətlərdən araşdırılması vacib məsələlərdən biridir.   
“Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov “Kitabi-Dədə Qorqud” dastanının bütün Türk dünyasının ədəbi-mədəni abidəsi olmasından, dastanının əsas tədqiqat istiqamətlərindən danışıb, “Dədə Qorqud” elmi tədqiqat laboratoriyası ilə rəhbərlik etdiyi fond arasında əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsinin perspektivlərinə toxunub.
AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Bayram Quliyev laboratoriyada nəşr olunan “Dədə Qorqud dünyası” jurnalının yeni formatda və dizaynda tərtib olunması, dərginin saytının və loqosunun hazırlanması ilə bağlı təkliflərini səsləndirib.
Sonra seminarın mövzusu ətrafında çıxışlar edilib, problemlər ətrafında müzakirələr aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

Bookmark and Share