BDU-nun dilçi alimləri VIII Uluslararası Böyük Türk Dili Qurultayında iştirak edib
31/05/2017Məlum olduğu kimi, Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dil Qurumunun (TDQ) təşkilatçılığı ilə hər dörd ildən bir Uluslararası Böyük Türk Dili Qurultayı keçirilir. İlk dəfə 1932-ci ildə Türk dünyasının böyük öndəri Atatürkün rəhbərliyi ilə İstanbulda Dolmabağça sarayında keçirilmiş bu qurultay indiyə qədər müxtəlif adlarla və tarixlərlə 20 dəfə baş tutub. Bütün bu toplantıların sayca 21-si olan VIII Uluslararası Böyük Türk Dili Qurultayı Ankarada Başkənt Öyrətmən evində təşkil olunub.
2017-ci ilin Türkiyədə “Dilimiz kimliyimizdir” başlığı altında “Türk dili ili” elan edilməsi ilə əlaqədar yüksək səviyyədə təşkil olunmuş bu mötəbər tədbirə dünyanın 34 ölkəsindən 247 məqalə ilə 266 nəfər elm adamı qatılıb.
VIII Uluslararası Böyük Türk Dili Qurultayında Bakı Dövlət Universitetini Filologiya fakültəsinin alimləri: Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov təmsil ediblər.
Türkiyə Respublikasının Prezident sarayında baş tutan açılış mərasimində ölkə rəhbəri cənab Rəcəb Təyyib Ərdoğan, Baş nazirin müavini İldırım Toğrul Türkəş, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs, Türk Dil Qurumu başqanı, professor Mustafa Kaçalin çıxış edərək qurultay iştirakçılarını salamlayıb, geniş türk coğrafiyasını əhatə edən bu tədbirin mədəni-siyasi əhəmiyyətindən, türk dilinin, ümumən, türkologiyanın aktual problemlərindən söz açıb, elm adamlarına uğurlar arzu ediblər. Sonra prezident Rəcəb Təyyib Ərdoğan “Türk dünyasına xidmət ödülü”nün sahiblərinə mükafatlar təqdim edib.
Qurultayın növbəti günlərində elm adamları görkəmli alimlərin rəhbərliyi altında ayrı-ayrı bölmələrdə türkologiyanın müxtəlif istiqamətləri üzrə məruzələr edib. BDU-nu təmsil edən alimlər: Məhərrəm Məmmədov “Güney Azərbaycan dialeklətlərində feilin zaman şəkilləri”, Məhəmməd Məmmədov “Türk etnik-mədəni ənənəsində Tanrını rəmzləndirən anlayışlar”, Qızılgül Abdullayeva “Oğuz-qıpçaq və qıpçaq-oğuz paralelliyi XVII əsr Azərbaycan türkcəsinin dil mənzərəsində”, Rəhilə Quliyeva “Bir daha Azərbaycan dilində feilin qrammatik məna növləri haqqında”, Pərvin Eyvazov “Akademik Tofiq Hacıyevin ortaq türk dili layihəsində Türkiyə türkcəsi” adlı məruzələrlə çıxış ediblər. Dosent Məhəmməd Məmmədov qurultayda həm də bölmə rəhbəri kimi fəaliyyət göstərib.
Qurultay ərzində qonaqların Ankara şəhəri ilə tanışlığı baş tutub. Şəhəri gəzən qonaqlar Anadolu mədəniyyətləri muzeyi, Qurtuluş savaşı muzeyi (Birinci və İkinci Türkiyə Böyük Millət Məclisinin tarixi binaları), Hacı Bayram Vəli türbəsi, Ankara qalası və digər memarlıq abidələri və tarixi yerlərlə yaxından tanış olublar. Sonra iştirakçılar Ankara Dövlət Opera və Balet teatrında “Türkçe Aşkı Vatan Aşkı” tamaşını seyr edib.
Həmçinin BDU alimləri bu müddətdə ADR-in qurucusu, görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Tədbirin bağlanış mərasimində çıxış edən TDQ-nin rəhbəri, prof. Mustafa Kaçalin, prof. Şükrü Haluk Akalın, prof. Həmzə Zülfüqar qurultayın nəticələrini müzakirə edib, yekun fikirlərini bölüşüblər. Sonra BDU təmsilçiləri universitet adından Türk Dil Qurumuna xatirə hədiyyələri bağışlayıb, qurultaya xaricdən qatılan qonaqlara BDU haqqında kitab, buklet və “Bakı Universiteti” qəzetinin son sayını paylayıblar.
Həmçinin təşkilat komitəsi adından iştirakçılara qurultayın materiallar toplusu, sertifikatlar, TDQ-nin kitabları və bir sıra hədiyyələr təqdim olunub.
Ümumiyyətlə, Bakı Dövlət Universitetini təmsil edən elm adamlarının Ankara səfəri uğurlu və yadda qalan maraqlı görüşlərlə başa çatıb.
