Dosent Könül Həsənovanın açıq dərsləri maraqla qarşılanıb
11/05/2018Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənovanın iki açıq dərsi baş tutub. K.Həsənova “Azərbaycan dastanları” fənnindən “Məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar: “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Məhəmməd və Güləndam” dastanları” mövzusundakı mühazirəsinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Azərbaycan aşıq sənəti” kafedrasının müəllimi Ustad Aşıq Altay Məmmədov və Ustad Aşıq Bəhmən Göyçəli dəvət olunub. Aşıqların ifasında dastanlar canlı şəkildə səsləndirilib. Həmçinin fənn müəllimi və ustad aşıqlar tərəfindən aşıq ədəbiyyatının bəzi nəzəri məsələləri tələbələrə izah olunub, Aşıq Ələsgər haqqında maraqlı məlumatlar auditoriyanın diqqətinə çatdırılıb. Dərsin sonuna yaxın tələbələrin sualları cavablandırılıb.
Digər açıq dərs isə “Azərbaycan mifologiyası” fənnindən “Azərbaycan mifoloji düşüncəsində şamanizm. Gizli təbiət qüvvələrinə inam” mövzusunda olub. Dərsdə tələbələr tərəfindən mövzu ilə bağlı bəzi rituallar əyani şəkildə göstərilib, dərs üçün xüsusi hazırlanmış şaman geyimlərinin (manyak) və qavalın elmi izahı verilib. Məşğələ tələbələrin mövzu ətrafında elmi diskussiyası ilə davam edib.
Hər iki açıq dərs tələbələr və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
