Home AZ | EN | RU

Dosent Rəhilə Quliyeva: Dərin zəka sahibi, milli lider, xarizmatik insan

10/05/2020

Tarix boyu hər bir xalq dahi şəxsiyyətlər yetirmiş və belə şəxsiyyətlərin ən müqəddəs missiyaları daim millətini, vətənini ucaltmaq olmuşdur. Belə müdrik simalar böyük amallar, yüksək ideyalar sahibi kimi tarixə düşərək  əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Xalq şairimiz Xəlil Rza Ulutürkün təbirincə desək, böyük qüdrətə malik dahilər “dünyaya işıq saçırlar”. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksələn, Türk dünyasının böyük oğlu, uzaqgörən siyasətçi, beynəlxalq aləmdə yüksək imicə malik fitri istedad sahibi, fenomenal şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin xüsusi yeri vardır.
Heydər Əliyevin müdrik siyasi fəaliyyəti, bütün nəsillərə örnək ola biləcək həyatı o qədər zəngin və genişdir ki, belə bənzərsiz ömrün hekayəsini cild-cild kitablara sığışdırmaq, çoxşaxəli fəaliyyətini bütün əzəməti ilə əks etdirmək asan iş deyil. Bu şərəfli işin arxasında həm də olduqca böyük məsuliyyət dayanır.
Çağdaş dünyanın siyasi tarixinə bənzərsiz bir dövlət xadimi, müasir Azərbaycanın qurucusu və dövlətimizin memarı, xalqımızın xilaskarı və millət atası kimi daxil olan Heydər Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Onun ailəsi əslən Zəngəzur qəzasının – Qərbi Azərbaycanın Sisyan rayonunun Comərdli kəndindəndir. Comərdli kəndinin bünövrə daşını qoymuş Comərd kişi Heydər Əliyevin ulu babası, onun nəslindən olan Kərbəlayi Cəfər Əli oğlu isə ata babası olmuşdur. Azərbaycanlıların qanına susamış erməni daşnaklarına qarşı mərdliklə mübarizə aparan Cəfər kişi 1917-ci ildə erməni quldur dəstələri tərəfindən faciəli şəkildə qətlə yetirilmişdir. Qərbi Azərbaycanın hər yerində - Zəngəzur mahalında təpədən dırnağa qədər silahlanmış erməni quldurları qocalara, qadınlara, uşaqlara rəhm etmədən dinc azərbaycanlıları kütləvi surətdə qılıncdan keçirir, evlərini yandırır, əmlaklarını talayırdılar. Erməni vandalları əsrlərin yadigarı olan maddi mədəniyyət abidələrimizi, əcdadlarımızın qəbirlərini yerlə-yeksan edir, qədim və zəngin keçmişə malik olan torpaqlarımızda, xüsusilə qədim İrəvanda (indiki Yerevanda) tarixi izlərimizi silməyə çalışırdılar.  
Həmin illərin Zəngəzur faciəsində Comərdli kəndi olmazın müsibətlərini yaşamışdı. Əliyevlər ailəsi də erməni – daşnak vəhşiliyindən qurtulmaq üçün Naxçıvana pənah gətirmişdir. Heydər Əliyevin anası İzzət xanımın 23 yaşlı qardaşı Heydər qırğınlar zamanı erməni terrorçuları tərəfindən amansızcasına qətlə yetirilmiş və yaşanan bu faciənin ağrı-acısı İzzət xanımın qəlbini daim incitmişdir. O, qəm-kədərini həmişə uşaqlarından gizlətməyə çalışsa da, böyük övladları onun gizlincə ağladığının dəfələrlə şahidi olmuşlar.  Görünür, abır-ismət mücəssəməsi olan İzzət xanım oğluna qardaşının adını  verməklə öz qardaş dərdini ovundurmağa çalışmışdır.
Əliyevlər ailəsində dünyaya göz açmış, sonradan bu ailənin və bütün Azərbaycanın fəxrinə çevrilmiş Heydər Əliyev öz xoşbəxtliyini xalqının azadlığı, vətəninin müstəqilliyi uğrunda mübarizədə axtardı, bu yolda bütün çətinliklərdən alnıaçıq çıxaraq mətinləşdi, iti düşüncəsi, əqidə və məsləki ilə demokratiya yolunda  atdığı uğurlu addımlarla məşhurlaşdı və xalqımızın qəlbində əbədi abidə kimi ucaldı.
Ümummilli liderimiz Azərbaycan xalqının, Türk coğrafiyasının, ümumən, dünya ictimaiyyətinin yaddaşında necə, hansı fəaliyyətləri və uğurları ilə əbədiləşdi?!
İlk növbədə, bu nadir şəxsiyyətin iti ağlı, dərin zəkası, tükənməz enerjisi və genişmiqyaslı təhlil və araşdırma qabiliyyəti görkəmli dövlət xadimi kimi ona imkan verirdi ki, ən mürəkkəb, ən ağır, hətta ən çıxılmaz vəziyyətlərdə belə öz xalqı, vətəni üçün mümkün variantlardan ən düzgününü və yaxşısını seçib, mövcud kritik və gərgin durumun lazımi istiqamətdə cərəyan etməsini təmin etsin. Bu, ulu Tanrının ona bəxş etdiyi misilsiz bir vergi idi. Heydər Əliyev sözün əsl mənasında böyük azərbaycanlı idi. O, canından çox sevdiyi millətinin və torpağının əvəzolunmaz təəssübkeşi və dövlətçiliyimizin xilaskarı idi.
Heydər Əliyevin qarşısında duran vəzifələr miqyasca böyük idi. Xalqın  milli kimliyindən uzaqlaşdırılması prosesinin qarşısı alınmalı, cəmiyyətin mənəvi bütövlüyünə nail olunmalı, vətəndaşlarda xalqımızın tarixi keçmişi, dini, dili, mədəniyyəti ilə bağlı düzgün fikir formalaşdırılmalı, intellektual yüksəlişə xidmət edən islahatlar həyata keçirilməli idi. Dərin zəka sahibi bütün bu problemlərin öhdəsindən uğurla gəldi, xalqın maddi və mənəvi dəyərlərini qorudu.
H.Əliyev “Türk birliyi” ideyasının başarı ilə gerçəkləşəcəyinə, bundan sonra da ortaq abidələrimizin yaranacağına, dəyərli əsərlər yazılacağına, bu sahədə mühüm nailiyyətlər qazanılacağına böyük inamla baxırdı. Bu baxımdan, dahi lider türkdilli xalqların zirvə toplantılarının keçirilməsinə böyük əhəmiyyət verir və bunları zaman-zaman özü həyata keçirirdi.  Tarixi-siyasi, milli-mənəvi köklərə bağlı olan Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” tezislərinə əsaslanırdı.  
Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə zəngin mədəniyyəti və böyük tarixi keçmişi olan, həmişə qürur duyduğu, daim gələcək taleyini düşündüyü doğma Azərbaycanın inkişafı, çiçəklənməsi üçün əzmlə çalışmış, ömrünü bu məsuliyyətli işə həsr etmişdir. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevi xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırdılar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab olunur. O, məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi insanların qəlbini fəht edirdi.
Heydər Əliyev unikal siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. Ona görə də bu gün dünya xalqları və onların rəhbərləri Azərbaycanı, onun liderini tanıyır, ünvanına gözəl fikirlər söyləyirlər.  Bu, xalqımız üçün böyük fəxrdir. Heydər Əliyevin gözəl idarəçilik qabiliyyətinə, yüksək intellektə, qeyri-adi nitq mədəniyyətinə, natiqlik bacarığına malik olması dünyanın məşhur siyasətçiləri, liderləri arasında  onun adının həmişə birincilər sırasında çəkilməsinə səbəb olmuşdur. Belə bir faktı göstərmək kifayətdir ki, bir neçə il bundan əvvəl Braziliyanın “Planetin səsi” qəzetinin doqquz dövlətin jurnalistinə ünvanladığı “Dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz?” sualına cavab kimi altı dövlətin jurnalisti birinci olaraq Heydər Əliyevin adını çəkmişdir.
Dünyanın ən görkəmli ictimai-siyasi və dövlət xadimləri, ümumən beynəlxalq ictimaiyyət Heydər Əliyevin  vətəni – dövləti qarşısındakı xidmətlərinə, dünyada təhlükəsizliyin qorunmasına, iqtisadi-mədəni sahələrdəki məzmunlu fəaliyyətinə görə onu yüksək qiymətləndirmiş, adını həmişə uca tutmuşlar.
Bu dahi şəxsiyyət haqqında söylənilən dəyərli, sanballı fikirlərin hamısını sadalamaq imkan xaricində olsa da, bəzilərini diqqətə çatdırmaq yerinə düşər.
Bill Klinton: “Prezident Heydər Əliyevin fəaliyyəti Azərbaycanın tərəqqisinə və inkişaf etmiş dövlətə çevrilməsinə xidmət etmişdir”.
ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer: “Heydər Əliyevin uzaqgörən siyasəti ölkənin xalqını firavanlığa, intensiv inkişafa gətirib çıxaracaq”.
Ukraynanın eks-prezidenti Leonid Kuçma: “Yaroslavl Mudri ordeninin üzərində bir yazı var: “Müdriklik, şöhrət”. Bu sözləri tam mənada Heydər Əliyevə aid etmək olar”.
2003-cü ilin dekabrın 12-də böyük ictimai xadim, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşdu. Bu acı xəbər bütün dünyanı sarsıtdı. Görkəmli dövlət başçısı, dünya şöhrətli Heydər Əliyevin ölümü ümumxalq matəminə çevrildi. Ümumxalq matəmində iştirak edən dünyanın tanınmış liderləri bu müdrik insanın həyatdan əbədi köçməsindən böyük ürək ağrısı keçirdiklərini dilə gətirdilər, onun haqqında təsirli fikirlər, nitqlər söylədilər. Bunlardan birini – Amerika, ümumən dünya siyasətində xüsusi yeri və çəkisi olan ABŞ Dövlət katibinin o zamankı birinci müavini Riçard Armitacın fenomenal şəxsiyyət Heydər Əliyev haqqında söylədiyi fikirlərdən bir sitatı diqqətə çatdırmaq kifayətdir: “Heydər Əliyevin ölümü ilə dünya bir qədər də kiçildi”.
Heydər Əliyev uzaqgörən bir lider kimi bəşəriyyət üçün risk və təhlükə faktoruna çevrilmiş qlobal problemlərin həllində yaxından iştirak etmiş, öz xalqının elmi potensialının artması və mədəni mühitinin çiçəklənməsi üçün əlindən gələni əsirgəməmiş, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin dünya arenasına çıxmasına şərait yaratmışdır.
Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Onun rəhbərliyi ilə təhsil sahəsində köklü şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın inkişaf etmiş dövlətlərin təhsil sisteminə inteqrasiya olunmasına şərait yarandı.  O, Azərbaycan dilinin qorunmasına, inkişafına xüsusi diqqət və qayğı göstərmiş, dövlət dili haqqında bir-birinin ardınca mühüm tarixi sənədlərə imza atmışdır. Dahi rəhbərin bütün nitqlərindən, söhbətlərindən onun ana dilinin incəliklərinə, ən xırda detallarına bələd olduğu insanı heyran edirdi. Uzun illər Moskvada tutduğu yüksək vəzifədə çalışarkən daim rus dilində danışan bir şəxsin ana dilində sərbəst danışması hamının marağına səbəb oldu. Ümumən, hələ o dövrdə ulu öndər ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi, neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
1969-cu ildə Bakı Dövlət Universitetinin (o dövrdə Azərbaycan Dövlət Universiteti adlanırdı – R.Q.) 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə Heydər Əliyevin Azərbaycan dilində çox mənalı, obrazlı nitqi tədbir iştirakçılarının böyük marağına səbəb olmuş və bu çıxışı o dövrdən etibarən rəsmi dairələrdə, müxtəlif yığıncaqlarda həmişə rus dilində çıxış etməyə üstünlük verən idarə rəhbərlərini, vəzifəli şəxsləri, məmurları öz dilində danışmağa təhrik etmişdir.
Respublika sarayında Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində H.Əliyev 25 il əvvəli belə xatırladı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər.”
Yeri gəlmişkən, haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, həmin tədbirdə biz də Xankəndi Pedaqoji İnstitutunun müəllimi kimi bir neçə əlaçı tələbə ilə birlikdə iştirak edirdik. Birinci yubileyin iştirakçısı olarkən isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin sonuncu kurs tələbəsi idim.
1974-cü ildə Heydər Əliyev tərəfindən universitet müəllimlərinin - “Müasir Azərbaycan dili” dərsliyi müəlliflərinin Azərbaycan SSR Dövlət mükafatına tədqim edilməsi də onun doğma ana dilinə qayğı və sevgisinin əyani təzahürü idi.
Çox maraqlı idi ki, H.Əliyev rus dilini də öz doğma dili səviyyəsində mükəmməl bilirdi. Mütəxəssislər onun rus dilində rusların özündən gözəl danışdığını, digər rəhbərlərdən, məsələn, E.Şvarnadze ilə müqayisədə çox səlis danışdığını qeyd edirdilər. Bu xüsusiyyət, şübhəsiz ki, görkəmli şəxsiyyətin gərgin əməyinin nəticəsi idi. Eyni zamanda, o, Azərbaycan dilini ürəkdən sevir, ən mürəkkəb fəlsəfi fikirləri belə rəvan şəkildə ifadə edirdi. Fikrimizcə, H.Əliyevin Azərbaycan ədəbi dilində yüksək səviyyədə danışmasının sirri, ilk növbədə (nəzərə alsaq ki, onun baza təhsili rus dilində idi), onun spesifik mütaliə qabiliyyətinə malik olması, özünütəlimi ilə bağlı idi. O, gənclərimizə dünyanı məhz ana dili əsasında dərk etməyi məsləhət görürdü. Eyni zamanda gənclərə xarici dilləri də öyrənməyi tövsiyə edir, bunu zamanın əsas tələbi hesab edirdi. O, gənclərlə görüşündə deyirdi: “... şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Amma hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı Azərbaycan dilini – Dövlət dilini mükəmməl bilməlidir”. Onun tövsiyələrində milli məhdudiyyət yoxdur. O deyirdi: “Mən istəyirəm ki, hər bir azərbaycanlı gənc Şekspiri ingilis dilində, Puşkini rus dilində, Füzulini Azərbaycan dilində oxusun”.
Heydər Əliyev 70-ci illərdən başlayaraq, daim cəmiyyətin tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın inkişafı üçün ümdə vasitə olan təhsilə qayğının artırılmasına, xalq maarifinin yüksəlməsinə dövlət siyasətinin vacib prinsipi kimi yanaşmışdır. O, respublikaya rəhbərlik etdiyi dövr ərzində hər il ali məktəblərə qəbul olunan gəncləri – I kurs tələbələrini Respublika sarayına yığır, onları təbrik edir, gələcəklərinə böyük ümidlər bağladığını söyləyir, onlara düzgün yol göstərir, elmin, təhsilin inkişafı üçün cəsarətlə addımlamağı tövsiyə edirdi. Həmin tədbirlərin iştirakçısı olan biz müəllimlər də dahi rəhbərin çıxışlarından ilhamlanır, ondan nəticələr çıxarmağa çalışırdıq.
Heydər Əliyevin şəxsi və iş həyatındakı, təhsildəki uğurları elə gənclərimizə bir nümunədir. İlham Əliyev prezident seçildikdən sonra ilk olaraq təbrik üçün Rusiya Prezidenti Vladimir Putin Bakıya gəlmişdi. O, Bakı Slavyan Universitetində tələbələrlə görüşü zamanı Heydər Əliyevin Sankt-Peterburqda təhsil aldığı institutun arxivindən gətirdiyi ulu öndərin “Qiymət cədvəli”ni tələbələr qarşısında nümayiş etdirdi. O cədvəldə qiymətlərin hamısı “5” idi.  Elə bu jest tələbələrə çox şey deyirdi. Bu sənəd onlara, örnək nümunə sənəd idi.   
Heydər Əliyevin gənclərə ünvanladığı ən gözəl kəlamı bu idi: “Mən həmişə yaradanıma, xalqıma, əməyimə arxalanmışam”. Bu kəlamdan nəticə  çıxararaq gənclərimiz, tələbələrimiz də həmişə əməyə arxalanmalıdırlar.
Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi müddətdə elm və təhsil, incəsənət və ədəbiyyat xadimlərinə xüsusi qayğı ilə yanaşmış, onların fəaliyyətlərini yüksək qiymətləndirmiş, hətta adları xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş klassiklərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. O, müasiri olan ictimai xadimlərin, sənətkarların qədir-qiymətini vaxtında vermiş, onları müxtəlif orden və medallarla, fəxri adlarla mükafatlandırmış, yaşayış şəraitlərini yaxşılaşdırmış, yubileylərində şəxsən iştirak edərək nitqlər söyləmiş, bununla da böyük xalq sevgisini qazanmışdır.
Heydər Əliyev ölkəmizin xarici və daxili siyasətini, iqtisadiyyatını, yüksək səviyyədə tənzimlədiyi kimi, ideoloji sahədə də mühüm işlər görmüşdür. Bir epizodu xatırlamaq yerinə düşər: Ulu öndər 1980-ci ilin qarlı-şaxtalı bir yanvar günündə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin monumental mavzoleyinin açılışında iştirak etmək üçün Şuşaya gəlmişdi. Qışın çovğununda maşınların buz bağlamış dağ yollarında şütüyərək hərəkəti çox təhlükəli idi. O, xalqı üçün heç bir çətinlikdən qorxmurdu. Buz üzərində sürüşərək yoxuşa qalxa bilməyən maşınları şuşalılar,  sanki əlləri üzərində şəhərə qaldırdılar. Qəlbi daim xalqın ürəyi ilə bir döyünən rəhbər belə çətin şəraitdə Şuşada Cıdır düzünə qalxaraq, mavzoleyin qırmızı lentini kəsdi və ecazkar nitqi ilə Şuşa camaatının, qonaqların könlünü riqqətə gətirdi. İki gündən bəri yağan qar o gün də davam edirdi. Kəskin hava şəraitinə baxmayaraq, bu böyük insan xidməti işçilərinin onun başı üzərində çətir tutmasına belə icazə vermədi, qar yağa-yağa sonadək nitqinə davam etdi. Dahi rəhbər yüzlərlə belə abidələrin, müəssisə və məktəblərin açılışında, mötəbər tədbirlərdə alovlu çıxışları ilə xalqın qəlbində dərin iz buraxmışdı.
Dahi rəhbər elm, təhsil, mədəniyyət, milli ədəbiyyat təəssübkeşi, söz sərrafı idi. O, sənət və sənətkarı yüksək qiymətləndirirdi. Buna sübut kimi, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün ulu öndərin gərgin əmək sərf etməsi hər bir Azərbaycan vətəndaşının qəlbini riqqətə gətirdi, ürəklərdə silinməz izlər buraxdı. Xalqının layiqli oğullarını dərin məhəbbətlə sevən, onları tarixin yaddaşlarına həkk edən ulu öndər Hüseyn Cavidin öz vətənində  - Naxçıvanda dəfn mərasimində iştirak etdi, hətta ədibin cənazəsini qaldırdı. Belə bir davranış dahi rəhbəri xalqın gözündə göylərə ucaltdı.
Heydər Əliyev müdrikliyi, cəsarəti, ciddiyyəti ilə yanaşı, həm də incə yumor hissinə, musiqi duyumuna malik, həmçinin çox kövrək və sadə bir insan idi. Kütləvi tədbirlərdə yerli əhali ilə söhbətlərində, tanınmış xadimlərlə və jurnalistlərlə görüşlərində onun incə yumor hissini duyuruq. Diz çökərək bayrağı öpəndə, S.Vurğunun “Azərbaycan” şeirini deyəndə necə kövrəldiyinin şahidi oluruq.
Fenomenal yaddaş sahibi olan Heydər Əliyev yumoru çox sevir, həmişə xüsusi zarafatları ilə diqqət çəkirdi. “Planet Parni iz Baku” şən və hazırcavablar klubunun keçmiş konsertlərinə baxanda ulu öndəri tamaşaçıların arasında tez-tez görmək olar. Sadə xalqla, uşaqlarla, qocalarla öz doğmaları kimi görüşəndə, kəndlərdəki toy məclislərində yaşlı nənələrlə qol qaldırıb rəqs edəndə, “Şən və hazırcavablar” klubunun iştirakçıları “Bakılı oğlanlar”la görüşəndə onun səmimiyyətini hiss edirik.
Ömür-gün yoldaşı Zərifə xanımın məzarını ziyarət edəndə necə sarsıldığını ürək ağrısı ilə sezirik. Bütün bunlarla yanaşı, bu dahi insanın əsgərlərimizlə, qəhrəman vətən oğullarımızla görüşündə necə vüqarla, cəsarətlə, məğrur, mətin, şux qamətlə dayanıb nitq söylədiyini görəndə ürəyimiz fəxrlə döyünür, böyük qürur hissi keçiririk.
Belə bir aksiom var: İdeal insan yoxdur. Bu aksiom Heydər Əliyevin timsalında öz əhəmiyyətini itirir. Belə ki, Heydər Əliyev sözün əsl mənasında ideal bir şəxsiyyət idi: vətənpərvər insan, sadiq dost, məsuliyyətli valideyn, sədaqətli həyat yoldaşı, böyük diplomat, tarixçi, hüquqşünas, dünya şöhrətli siyasətçi, xalqının dahi rəhbəri idi.
Bu xarizmatik insan, müsbət aurası, yaraşıqlı qaməti, dəniz mavisi gözlərindəki cəsarəti, qətiyyətliliyi, zəkası, intellekti, aliliyi ilə ülviyyət, alicənablıq, xeyirxahlıq mücəssiməsi kimi xatirələrdə yaşayır və bundan sonra da daim yaşayacaqdır.
Xəlil Rza Ulutürkün şeirində deyildiyi kimi:
Dahilər şəxsində elə bil vətən,
Sübuta yetirir ölməzliyini.

Dahi rəhbərin xalqı və vətəni üçün gördüyü işləri, yerinə yetirdiyi şərəfli vəzifələri onun layiqli davamçıları: möhtərəm Prezidentimiz cənab İlham Əliyev, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva ləyaqətlə davam etdirirlər. Həmişə xalqın rifahının qayğısına qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəyəm. Bütün qərarları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı...”  
Böyük sürətlə gözəlləşən paytaxtımız və yeniləşən regionlarımız, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən  layihələr, sosial sahədə sıçrayış və digər uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada analoqu olmayan özünəməxsus inkişaf modeli ortaya qoymuşdur. Hətta son bir neçə ayda dünyanı ağuşuna almış COVİD - 19 pandemiyası ilə mübarizə sahəsində cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər artıq dünya dövlətləri üçün bir nümunəyə çevrilmişdir. Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayevin universitet kollektivi adından dövlət başçısına ünvanladığı məktubda bu faktlar geniş və aydın şəkildə əks olunmuşdur: “Pandemiya ilə mübarizə sahəsində ölkə Prezidentinin hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlər koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olmuşdur... Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la mübarizədə Azərbaycan dövlətinin siyasətini yüksək dəyərləndirmiş, görülən tədbirləri ən effektiv mübarizələrdən biri kimi qiymətləndirmişdir. Bugün dünya ölkələri üçün Azərbaycan nümunəsi bir örnəyə çevrilmişdir”.
Bütün bunlar onu göstərir ki, Ulu Öndərin ideyaları layiqincə yaşadılır, onun qoyduğu şərəfli yol ləyaqətlə davam etdirilir, zəngin irsi gənc nəslə dərindən aşılanır. Fikirlərimizi dahi öndərin ürək yanğısı ilə söylədiyi qiymətli sözlərlə yekunlaşdırmaq istərdik: “Doğma, canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

RƏHİLƏ  QULİYEVA
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti

Bookmark and Share