Fakültənin aktiv tələbələri “Təşəkkürnamə” ilə təltif olunub
03/06/2019BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Şərq xalqlarında Novruz” adlı tədbirdə fəal iştirak edən tələbələr “Təşəkkürnamə” ilə təltif edilib. Təşəkkürnamələr Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədovun və Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucovanın imzası ilə hazırlanıb. Fakültə dekanı Elçin Məmmədov milli-mənəvi dəyərləri özündə ehtiva edən bayramların, xüsusilə Novruzun keçirilməsini və tələbə-müəllim heyətinin bu işə ürəklə yanaşmasını yüksək qiymətləndirib. O, “Şərq xalqlarında Novruz” tədbirinin yüksək səviyyədə keçdiyini və iştirak edən tələbələrin istedadlı olduğunu qeyd edib.
Professor Səhər Orucova isə tədbirin hazırlanma mərhələsindən danışaraq onun çətinliklərini və tələbələrin bu işin öhdəsindən layiqincə gəldiyini söyləyib. Şərq xalqlarının – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tükmənistan, Çin, Pakistan və İranın Novruzla bağlı adət-ənənələrini səhnəciklərlə təqdim edən tələbələr də öz təəssüratlarını bölüşüblər.
Müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin də bu tədbirə dəstək olduğunu söyləyən S.Orucova həm səfirliyin nümayəndələrinə, həm fakültənin dekanı Elçin Məmmədova, həm də tədbirin ərsəyə gəlməsində əməyi olan tələbə və müəllimlərə təşəkkürünü bildirib. Tədbirdə köməyi keçən dosent Kəmalə İslamzadə tələbələrin bacarıqlarının üzə çıxarılmasında bu cür tədbirlərin önəmindən, vacibliyindən söz açıb. Tələbələr də öz təəssüratlarını bölüşüblər. Sonda “Təşəkkürnamə”lər tələbələrə təqdim edilib. Qeyd edək ki, 12 mart 2019-cu il tarixində baş tutan bu tədbirdə 9 Şərq xalqının Novruz ənənələri əks olunub. Tələbələr hər xalqın adət-ənənəsini, ədəbiyyatını əks etdirən səhnəciklər göstəriblər. Tədbirdə “Folklor” dərnəyinin 34 üzvü fəal iştirak edib.
