Home AZ | EN | RU

Fakültənin alimləri “Gənc istedadlar” liseyindəki dərs prosesini yüksək qiymətləndirib

09/01/2017

Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan dilinin tədrisi və tətbiqi sahəsinin genişləndirilməsi, inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri ana dilimizin elmi tədqiqinin genişləndirilməsi və bütün sferalarda tətbiqi işinə nəzarətin gücləndirilməsi məqsədilə bir sıra tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalamışdır ki, elm və təhsil ictimaiyyəti bu barədə kifayət qədər məlumatlıdır.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə rəhbəri İlham Əliyev cənabları milli dilimizin inkişafı, qorunması və tətbiqi problemlərinin aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Cənab Prezidentin 09 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin, ədəbiyyatının tədrisi, təbliği işinin mükəmməl şəkildə həyata keçirilməsi üçün filoloq alimlər müəllimlər və metodistlər qarşısında böyük məsuliyyət və vəzifələr qoydu.

Bu vəzifələrin necə həyata keçirildiyini müşahidə etmək üçün biz – BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları “Gənc istedadlar” liseyinin rəhbərliyinin təşəbbüsü ilə liseyin bir neçə sinfində “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərindən dərs prosesini izlədik. Dərslərdə iştirak etməkdə əsas məqsədimiz “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərinin tədrisinin keyfiyyətinə nəzarət etmək və təlim prosesində metodiki cəhətdən çətinliklərlə üzləşən müəllimlərə məsləhətlər, tövsiyələr vermək idi.

“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov öncə belə bir tədbirin həyata keçirilməsinin vacibliyindən və səbəblərindən bəhs etdi, sonra öz tələblərini xatırlatdı. Qasım müəllim nəzərimizə çatdırdı ki, BDU-nun rektoru akademik A.M.Məhərrəmov hər yeni tədris ilində “Gənc istedadlar” liseyinə şagirdlərin görüşünə gəlir, onları salamlayır, yeni tədris illərini təbrik edir və şagirdlərə elmin zirvələrinə ucalmaq üçün tövsiyələr verir, təhsillərində uğurlar arzulayır. Çox hörmətli Abel müəllim il boyunca liseydə tədrisin gedişini izləməklə təlimin keyfiyyətini daim nəzarətdə saxlayır, liseyin uğurlar qazanması üçün əlindən köməkliyi əsirgəmir. Universitet müəllimlərinin, həmçinin digər mütəxəssislərin liseydəki dərslərdə iştirak edib, müəllimlərin nəzəri və metodiki hazırlıqlarına nəzarət etmək, onlara məsləhətlər vermək təşəbbüsünü də Abel müəllim irəli sürüb.

Direktor bildirdi ki, ümdə məqsədimiz ümumi təhsil pilləsinin dövlət standartları, kurikulumları /proqramlar/ və dil-ədəbiyyatın tədrisi problemlərini araşdırmaqdır. Biz Azərbaycan Respublikası qanununa əsasən dövlət standartlarının hazırlanması, təhsilin məzmunu, infrastrukturu və təhsil kurikulumları haqqında müəllimlərimizə məlumatlar, göstərişlər veririk, bu sahədə seminarlar keçiririk və işimizi ümumi təhsil səviyyəsində məzmun standartlarına uyğun qururuq. Eyni zamanda, “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri üzrə şagirdlərin bilik və bacarıqları üçün zəruri olan tələblərin lazımi səviyyədə yerinə yetirildiyini araşdırmaq, bilmək istəyirik. Bu məzmun standartlarının düzgün qavranılması konkret təlim nəticələrinin qazanılmasına gətirib çıxarırmı?

Bütün bu məsələləri araşdırmaq, Azərbaycan dili və ədəbiyyat dərslərinin nəzəri və metodiki cəhətdən düzgün tədrisi prosesini izləmək üçün liseydə bir neçə dərsi müşahidə etdik. Liseydəki müəllim kadrlarının nəzəri və metodiki cəhətdən mükəmməl hazırlığı, şagirdlərin aktivliyi, məntiqi təfəkkürlərinin inkişafı, bütövlükdə tədrisin keyfiyyəti o dərəcədə yüksək səviyyədə idi ki, dinlədiyimiz dərslərdən bəziləri haqqında fikirlərimizi oxuculara çatdırmaq yerinə düşər.

Liseyin müəllimi Könül Şahbazovanın “Alınma sözlər” mövzusunda keçirdiyi açıq dərsi dinlədikdə belə nəticəyə gəldik ki, doğrudan da, tədrisin yüksək keyfiyyəti müəllimin bacarığından asılıdır. Dərsdə mövzunun mahiyyəti çox ustalıqla açıqlandı, hər bir sözün mənası izah edildi. Azərbaycan dili dərsi tarix, coğrafiya və ədəbiyyat fənləri ilə inteqrasiya edildi. Çətin sözlərin orfoqrafiyasını mənimsətmək məqsədilə müəllim həmin sözləri lövhədə yazdırırdı. Dərsdə fəndaxili və mövzulararası əlaqə düzgün təmin edildi. Könül xanım ənənəvi və fəal təlim metodlarının sintezindən istifadə etməklə dərsini günün tələbləri səviyyəsində qura bildi. O, məsələləri müqayisəli şəkildə şagirdlərə çatdırır və mövzunun şüurlu şəkildə mənimsənilməsi üçün interaktiv təlim metodlarından istifadə edirdi. Diqqətimizi çəkən əsas cəhət budur ki, müəllim şagirdlərinə bir çox məlumatlar, yeni biliklər öyrədə bildi, eyni zamanda yeni-yeni sözlərlə, terminlərlə onların lüğət ehtiyatını zənginləşdirdi. Şagirdlərin biliyini düzgün qiymətləndirdi.

VIII sinifdə Gültəkin Yusifovanın Azərbaycan dili dərsi də çox maraqlı keçdi. Müəllim və şagird səmimiyyəti dərsin canlı keçməsinə səbəb oldu. Gültəkin Yusifova mövzunu həyatla əlaqələndirir, şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsinə çalışırdı. Müəllim təlim prosesində konkret və ümumi didaktik prinsiplərə riayət edir və onun nümunə gətirdiyi dil faktları tərbiyəvi əhəmiyyət daşıyırdı. O, ədəbi əsərlərdən nümunələri əzbər söyləyirdi. Bu da tədrisdə müsbət cəhətdir. Müəllimin şəxsi nümunə göstərərək əzbərlər söyləməsi  şagirdlərə xoş təsir bağışlayırdı. Dərsdə şagirdlərin fəallığı Gültəkin Yusifovanın dərslərinin həmişə yüksək səviyyədə tədris etməsinin canlı sübutu idi.

VIIIb sinfində Gülşən Əliyevanın “M.Füzulinin “Söz” qəzəli” mövzusunda keçirdiyi açıq dərsi dinlədik və sözün əsl mənasında bu mövzunun yüksək səviyyədə, tam kurikulum üzrə, müasir təlim metodu-interaktiv metodla tədrisindən böyük zövq aldıq. Müəllim dil və ədəbiyyat fənləri üzrə əsas məzmun standartlarına uyğun olaraq mövzunu proyektr vasitəsilə müasir təlim metodları olan BİBÖ, klaster, Venn diaqramı və s. istifadə edərək çox maraqlı şəkildə tədris etdi. Gülşən xanım mövzuya dair maraqlı slaydlar hazırlamış və bu slaydlar mövzunun şagirdlər tərəfindən dərindən mənimsənilməsinə şərait yaratdı. Müəllimin mövzuya dair verdiyi suallara şagirdlərin məntiqli cavabları bu qənaətə gəlməyə imkan verir. Gülşən müəllimənin qruplarla iş aparması və onların obyektiv qiymətləndirilməsi də dərsin müsbət xüsusiyyətlərindən idi.  Müəllim təlim prosesində şagirdlərin öz fikirlərini sərbəst, ardıcıl ifadə etməsinə şərait yaradırdı. Gülşən xanım liseyin ictimai işlərində də yaxından iştirak edir. O, liseydə metodbirləşmənin sədridir və gənc müəllimlərin metodiki cəhətdən hazırlıq səviyyələrinin yüksəlməsinə daim köməklik göstərir. Arzu edərdik ki, Gülşən xanım kimi müəllimlərin iş təcrübəsi yayılsın.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqut Hüseynovanın Vb sinfində əvvəlki dərs “Sərhədsiz internet”, yeni dərs “Bir günlük xəlifə” mövzusunda keçdiyi açıq dərs haqqında çox yüksək təəssüratlarımız, dərs haqqında çox müsbət fikirlərimiz var.  Yaqut xanım  həm mətnləri, həm də dil qaydalarını o qədər gözəl, dərindən öyrədirdi ki, biz müəllimənin öz peşəsinin, sənətinin vurğunluğuna tam əmin olduq. Müəllim hər bir üsuldan istifadə edərək hər vəchlə çalışırdı ki, şagirdlərə geniş informasiyalar, yeni-yeni məlumatlar çatdırsın. O, dərsdə hər bir sözün, ifadənin mənasını uşaqlara izah edir, çalışırdı ki, şagirdlərə bütün məqamları anlatsın. Dərsdə bütün şagirdlərin fəallığı təmin olunurdu, müasir dərsə verilən tələblərə riayət edilirdi.

Liseydə çalışan digər bacarıqlı Azərbaycan dili və ədəbiyyatı müəllimləri – Yeganə Qəhrəmanlı, Elvira Ömərova, Afət Abışova və s. əməkdaşların yüksək səviyyəli dərsləri haqqında, əlbəttə, bir məqalədə danışmaq imkanımız xaricindədir. Onu da qeyd etmək istəyirik ki, bəzi dərslərdə mövzunun xarakterindən asılı olaraq məktəblərin əksəriyyətində ənənəvi təlim metodlarına da yer verilir.  Sözsüz ki, ənənəvi təlim metodlarının da müsbət cəhətlərindən faydalanmaq lazımdır. Lakin yeni mərhələdə Azərbaycan dilinin, eləcə də, ədəbiyyatının tədrisi sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi dövrün əsas tələblərindən olduğu üçün bütün müəllimlər bu sahəyə ciddi əhəmiyyət verməlidirlər.

“Gənc istedadlar” liseyində dinlədiyimiz dərslərdən belə nəticəyə gəldik ki, liseydə kontekstual biliyin mənimsənilməsinə xidmət edən dövlət standartlarını əsas tutan təlim prosesi şagirdlərin Azərbaycan dili üzrə dinlədiyi mətnin məzmununu izah edib, ona münasibət bildirməsinə, bilik və bacarıqlarını nümayiş etdirmələrinə, öz fikirlərini müstəqil ifadə etmələrinə şərait yaratmışdır. Şagirdlər müxtəlif formalı rabitəli mətnlər qurur, nitq bacarıqlarını nümayiş etdirirdilər. Məs:

Liseydəki yüksək səviyyəli təlim-tədrisin nəticəsidir ki, buranın yetirmələrinin səsi ABŞ, Türkiyə, Rusiya universitetlərindən gəlir və təsadüfi deyil ki, TQDK-nın verdiyi məlumatlara görə, liseyin məzunları ən yüksək nəticələr göstərərək mötəbər ali məktblərə qəbul olunurlar. Onu da qeyd edək ki, qazandığı uğurlara görə lisey Prezident İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

“Gənc İstedadlar” liseyinin direktoru Q.Hüseynov təlimin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif məktəblər arasında mübadilələr aparılmasının, açıq dərslərin müzakirələrinin keçirilməsi və gənc kadrlara yeni təlim metodları haqqında məsləhətlər verilməsinin böyük əhəmiyyət kəsb etdiyini söylədi və biz də bu fikirlərlə razıyıq. Təlimin keyfiyyəti müəllimin pedaqoji ustalığından  və düzgün metodlar seçmək bacarığından asılıdır.

Azərbaycan dili və ədəbiyyatının tədrisi
metodikası kafedrasının əməkdaşları:
Fil.ü.f.d., dos. Rəhilə Quliyeva
Fil.ü.f.d. Səidə Məmmədova

 

Bookmark and Share