Home AZ | EN | RU

Gənc tədqiqatçılar Filologiya fakültəsini beynəlxalq qurultayın təşkilat komitəsində uğurla təmsil ediblər

07/09/2020

4-5 sentyabr 2020-ci il tarixlərində Birinci beynəlxalq türkbilim tələbə qurultayı keçirilib. Onlayn şəkildə təşkil olunmuş qurultayın plenar iclasında Beynəlxalq Türk Akademiyasının Prezidenti, professor Darxan Xıdırəli, bir çox təşkilat rəhbərləri, tanınmış elm xadimləri çıxış edib.
Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Xıdırəli çıxışında gənclərə öz tövsiyələrini verərək, akademiyanın qurultayı öz himayəsinə götürdüyünü, qısa müddətdə məqalələr toplusunun nəşr olunacağını bildirib. Daha sonra çıxış edənlər: professorlar - Yavuz Kartallıoğlu, Ramiz Əskər, Hamidulla Dadaboyev, Özkul Çobanoğlu, dosent Tudora Arnaut, fəlsəfə doktorları Gulzada Stanalıyeva və Nodirbek Jurakuziyev qurultayın gənc türkoloqlar üçün əhəmiyyətindən bəhs edərək təşkilatçıları təbrik ediblər.
Açılış bitdikdən sonra 4 sentyabr tarixində 5 bölmə iclası, 5 sentyabr tarixində isə 4 bölmə iclası keçirilib. Ümumilikdə 2 gün ərzində 9 bölmə iclasında Azərbaycan, türk, özbək, qırğız, qazax, türkmən, qaqauz, uyğur və balkan dillərində 80-ə yaxın məruzə dinlənilib. Bölmə iclasları yekunlaşdıqdan sonra isə qurultayın bağlanışı keçirilib. Bağlanışda professor Timur Kocaoğlu, fil.f.d. Elçin İbrahimov və qurultayın 13 nəfərdən ibarət idarə heyəti çıxış edib. Çıxışlarda bildirilib ki, qurultaya qatılmaq üçün 150-ə yaxın gənc öz məqaləsi ilə müraciət etsə də, akademik heyətin qərarı ilə onlardan 86 nəfərin məqaləsi qəbul edilib. Həmçinin məruzəçilərə sertifikatlar veriləcəyi də vurğulanıb.
Xatırladaq ki, qurultayın keçirilməsinin əsas təşəbbüskarları və təşkilatçıları arasında BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı, dissertant Gülnar Axundova, Türkologiya kafedrasının doktorantı Zülfiyə Ağayeva və Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, IV kurs tələbəsi Məleykə Mirzəli də olub. Daha sonra təşkilat heyətinə Azərbaycandan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan bir çox gənc türkoloqlar –Gulzada Stanaliyeva, Jurakuziyev Nodirbek, Zarina Calbiyeva, Intımakgul Nurmagombetova, Lalə Əliyeva, Beyza Türkkolu, Hicret Daşdemir, Nur Sena Taşçı, Burak Özşahin, Gül Akbaş cəlb edilib.

Bookmark and Share