Home AZ | EN | RU

Filologiya fakültəsində “28 May – Respublika Günü”nə həsr olunmuş virtual elmi seminar keçirilib

28/05/2020

28 may 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC)  təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayevanın təqdimatında  “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil və tədris məsələləri” mövzusunda “Microsoft Teams” platforması üzərindən  virtual elmi seminar keçirilib. Virtual elmi seminar fakültə TEC-in elmi rəhbəri Gülnar Axundova və sədri Məleykə Mirzəlinin moderatorluğu ilə aparılıb. Seminarda professor Mətanət Abdullayeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili ilə bağlı aparılan islahatlardan, tədrisdə, eləcə də ictimai-siyasi sahələrdə, sənədlərdə işlədilən dil məsələlərindən söz açıb. Məruzəçi AXC dövründə tədris məsələlərinə, çap olunan dərsliklərə də toxunub.  
Daha sonra tədbirdə fakültənin dosentləri: Rəhilə Quliyeva, Məhbubə Qurbanova, Əhəd Cavadov, Həqiqət Abdıyeva, elmi işçi Ramil Bayramov AXC dövründə və sonrakı illərdə aparılan dil və əlifba islahatlarından, bu dövrdə verilən qərarların Azərbaycan dilinin sonrakı inkişafına təsirindən söz açıblar.  
Sonda Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov məruzəçiyə və çıxış edənlərə təşəkkürünü bildirərək qeyd edib ki, Demokratik Respublikanın qurucuları – Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində, o cümlədən, xalqın maarifləndirilməsində mühüm işlər görmüşlər. Cəmi  23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin yadda qalan, unudulmaz mərhələsi, istiqlalımızın ən şanlı səhifələrindəndir. Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum idi. AXC mövcudluğunun qısa müddəti ərzində sosial, iqtisadi, mədəni və maarif sahələrində çox böyük işlər görmüş, nailiyyətlər qazanmışdır.
Qeyd edək ki, virtual elmi seminarda fakültənin professor-müəllim heyəti ilə yanaşı, tələbə, magistrant və doktorantları da  iştirak ediblər.

Bookmark and Share