Home AZ | EN | RU

Filologiya fakültəsində «Çağdaş dövrdə Azərbaycan atalar sözü və məsəllərinin inkişaf meyilləri: törəniş və variantlaşma» adlı elmi seminar keçirilib

23/11/2020

Noyabrın 23-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Çağdaş dövrdə Azərbaycan atalar sözü və məsəllərinin inkişaf meyilləri: törəniş və variantlaşma” mövzusunda onlayn elmi seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan  Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova fakültədə keçirilən elmi seminarların ənənəvi halı aldığını qeyd edib, belə tədbirlərin onlayn şəkildə də təşkilinin üstünlüklərindən, gənc tədqiqatçıların və tələbələrin böyük marağına səbəb olmasından  söz açıb.
Sonra söz dosent Etibar Talıblıya verilib. “Çağdaş dövrdə Azərbaycan atalar sözü və məsəllərinin inkişaf meyilləri: törəniş və variantlaşma” mövzusunda məruzə ilə çıxış edən Etibar Talıblı şifahi xalq ədəbiyyatının işlək janrlarından olan atalar sözü və məsəllərin yaranmasından, inkişaf meyillərindən, milli təfəkkürün məhsulu olan bu xalq deyimlərinin hər dövr üçün aktuallıq daşımasından bəhs edib. E.Talıblı işğaldan azad olunan Qarabağ ərazisində variantlaşan, xüsusilə Qubadlı rayonundan köçkün düşən söyləyicidən topladığı atalar sözlərinə və məsəllərə üstünlük verib. Çıxışda nümunələr əsasında atalar sözü və məsəllərin inkişaf dinamikası, variantlaşması səbəbləri, təsnifatı haqqında məlumat verilib, qədim variantları ilə müqayisələr aparılıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Çıxış edənlər: Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Kəmalə İslamzadə məruzə ilə bağlı fikirlərini bölüşüb, gələcəkdə belə elmi seminarların mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.

Bookmark and Share