Home AZ | EN | RU

Filologiya fakültəsində açıq dərs

01/12/2016

Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi fil.ü.f.d. Yeganə Xanlarovanın həmin fakültənin IV kurs, 057-ci qrupunda “İlyas Əfəndiyevin dramaturgiyası” mövzusunda açıq dərsi keçirilib. Dərs prosesini professor Tofiq Hüseynoğlu, professor Məhərrəm Məmmədov, dosent Həqiqət Abdiyeva, dosent Mətanət Həsənova, dosent Sevinc Qocayeva, fakültə əməkdaşları, doktorant və dissertantlar İlahə Dadaşova, Ayşən Sadıqlı, Nigar Məmmədli izləyiblər. Qeyd edək ki, dərs yeni təlim metodları əsasında qurulub. Müəllim dərsin bütün mərhələlərinə əməl edib, auditoriyanın diqqətini mövzuya cəlb etməyi bacarıb. O, frontal sorğu, müsahibə, mühazirə, qruplarla iş üsullarının hər birindən uğurla istifadə etməklə qarşıya qoyulan məqsədə nail olub.

Dərs prosesində müəllim və tələbələr tərəfindən hazırlanmış təqdimatlar, xüsusilə, diqqət çəkib. Burada müasir təlim metodunun əsas tələblərindən biri – texnologiyanın imkanlarından istifadə dərsi daha maraqlı edib. Bunlara “Xurşidbanu Natəvan” tamaşasından parçaya baxış, tələbələrin “İlyas Əfəndiyev və teatr” (Həsənzadə Sayalı), “İlyas Əfəndiyevin lirik-psixoloji dramları” (Quliyeva Məlahət), “İlyas Əfəndiyevin dramlarında qəhrəmanların tipologiyası” ( Şirinova Nuranə)  mövzusunda etdikləri çıxışlara uyğun hazırladıqları təqdimatlar, xüsusilə, sənətkarın muzeyindən alınmış obrazların geyimlərinin eskizinin təqdimi hamının marağına səbəb olub.

Dərsdə fəndaxili inteqrasiyanın uğurlu şəkildə tətbiqi daha çox diqqət çəkib.Tələbələr (Arif Nəbiyev və Dursun Ələsgərova) sənətkarın “Hökmdar və qızı” əsərindən parça təqdim edib.  Bu zaman müəllim Y.Xanlarova M.Arazın “Məndən ötdü qardaşıma dəydi” şeirini tələbələrə və izləyicilərə dinlətməklə xanlıqlara parçalanmış Azərbaycanın faciəsinə diqqət yönəltməyə çalışıb. Rüstəm Behrudinin “Salam, dar ağacı!” şeirini isə müəllim dramaturqun “Sevgililərin cəhənnəmdə vüsalı” əsərilə yaxından səsləşdiyi üçün təqdim edib. Müəllim, həmçinin repressiya mövzusunda yazılmış əsərlərin təhlilini də aparıb.

Sonra  Y.Xanlarova tələbələri qruplara bölərək onlara mövzu ilə bağlı tapşırıqlar verib. Qrup rəhbərləri Aynur Əhmədli (“İlyas Əfəndiyev dramlarında müsbət qadın obrazları və qadına münasibət”), Lalə Əliyeva (“İ.Əfəndiyev dramlarında kişi obrazları”), Zərifə Abdulrəhmanova (“İ.Əfəndiyev dramlarında məhəbbət mövzusu”), Nigar Cəfərzadə (“İ.Əfəndiyevin tarixi dramları”) və Aysun Məmmədovanın (“İ.Əfəndiyev dramlarında psixologizm”) qrup tərəfindən hazırlanmış cavabı əsasında çıxışı dinlənilib. Dərs tələbələrin bilik və bacarıqlarının müəllim tərəfindən qiymətləndirilməsilə yekunlaşıb. Tələbələrə verilən qiymətlər onların yüksək səviyyədə hazırlığına tam uyğun olduğundan  qiymətləndirmə açıq dərsdə iştirak edən hər kəsin razılığına səbəb olub.

Açıq dərsdə  mövzu və materialları əhatə edən sərgi yaradılıb. Bu sərgidə İ.Əfəndiyevin seçilmiş əsərləri, haqqında monoqrafiyalar, əsərlərilə əlaqədar müdafiə edilmiş dissertasiyaların avtoreferatları nümayiş etdirilib.

 

İlahə   Dadaşova

Filologiya fakültəsinin dissertantı



























Bookmark and Share