Home AZ | EN | RU

Filologiya fakültəsində «Azərbaycanda Novruz ənənələri» adlı elmi seminar keçirilib

02/03/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında "Azərbaycanda Novruz ənənələri" adlı elmi seminar keçirilib.
Elmi seminarda kafedranın professor-müəllim heyəti, magistrant və doktorantları iştirak ediblər.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova Novruz bayramının xalq adət-ənənəsini və mifoloji dünyagörüşünü özündə cəmləşdirdiyini, bu adətlərin öyrənilməsində folklorşünasların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Novruz bayramının Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşatdığını vurğulayan Səhər Orucova bu bayramın dövlət səviyyəsində qeyd edildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramının UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na daxil edildiyini bildirib.
Magistrant Bəsti Səttarova "Novruzun qədim adətləri" adlı məruzə ilə çıxış edib. O, çıxışında Novruz bayramının tarixi, adətləri, mərasimləri, şirniyyatları barədə ətraflı məlumat verib.
Magistrant Gülyaz Hümmətzadə "Şəkinin Bideyiz kəndində Novruz ruhu" adlı məruzəsində həmin bölgənin bayram ənənələrindən söz açıb.
"Folklor" dərnəyinin üzvü Səbinə Cəlilova baharın gəlişinə həsr olunan mahnılar ifa edib.
Sonda məruzələrlə bağlı müzakirələr aparılıb.

Bookmark and Share