Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
18/10/2018Filologiya fakültəsində Elmi Şuranın yeni tədris ilində ilk genişləndirilmiş iclası keçirilib. İclasda 2018-2019-cu tədris ili üçün fakültə Elmi Şurasının, dekanlığın iş planının müzakirəsi və fakültə kollektivinin vəzifələri, buraxılış işi və magistr dissertasiya mövzularının müzakirəsi və təsdiqi, IV kurs tələbələrinin tədris və pedaqoji təcrübəsinin keçirilməsi, o cümlədən cari məsələlər müzakirə olunub, Tədris-metodiki Şuranın sədri, professor Məhərrəm Məmmədlinin illik hesabatı dinlənilib.
İclası açıq elan edən fakültə dekanı, dosent əvəzi Elçin Məmmədov şura üzvlərini gündəlik məsələlərlə tanış edib, yeni tədris ilində və universitetin 100 illiyi ərəfəsində qarşıda dayanan vəzifələrdən söz açıb.
Sonra söz Tədris-metodiki Şuranın sədri, professor Məhərrəm Məmmədliyə verilib. Məruzəçi 2017-2018-ci tədris ilində Tədris-metodiki Şuranın gördüyü işlər, tədris prosesinin gedişatı, fakültənin elmi nailiyyətləri və beynəlxalq əlaqələri, il ərzində təşkil olunmuş elmi və ədəbi-bədii tədbirlər haqqında məlumat verib.
İclasda çıxış edənlər Filologiya fakültəsinin illik fəaliyyətini yüksək qiymətləndirib, mövcud problemlər və qarşıda duran vəzifələr barəsində ətraflı danışıblar. İclas cari məsələlər ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
