Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
12/09/2017Filologiya fakültəsində 2017/2018-ci tədris ili üzrə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi, kafedra müdirləri, tyutorlar, müəllimlər və gənc əməkdaşlar iştirak edib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dos. Elçin Məmmədov tələbələri yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Universitetlə yaşıd olan Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı haqqında məlumat verən dekan son illər burada görülən işlərdən, yeniliklərdən, perspektivlərdən bəhs edib, tələbəlik illərinin yadda qalan məqamlarından danışıb. Bildirib ki, fakültədə fəaliyyət göstərən Tələbə Elmi Birliyi, “Söz” Yaradıcılıq Birliyi, “Folklorşünaslıq” dərnəyi istedadlı tələbələrin üzə çıxarılması istiqamətində mühüm işlər görməkdədir.
Dekan müavinləri prof. N.Xəlilov, dos. C.Muradov, TMŞ-nin sədri prof. M.Məmmədli, kafedra müdirləri: prof. T.Hüseynoğlu, prof. C.Nağıyev, prof. R.Əskər, prof. A.Hacıyev, dos. E.Fərəcullayeva, TEB-in sədri P.Eyvazov, sədr müavini A.Mustafayeva və başqaları çıxış edərək Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar. Sonra I kurs üzrə tyutor Natavan Əliyeva tələbələrə boloniya prosesi ve kredit sistemi haqqında ətraflı məlumat verib, onların qruplar üzrə bölgüsünə aydınlıq gətirib. Sonda bəzi tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, bu tədris ilində 294 nəfər abituriyent (267-si əyani və 27-si qiyabi) BDU-nun Filologiya fakültəsində təhsil almaq imkanı əldə edib. Onlardan 197-si Azərbaycan, 97 nəfəri isə rus bölməsinin payına düşür. Qəbul olunan tələbələrdən 28 nəfəri 600-dən yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək göstərici 695 baldır. “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına 74 nəfər, “Rus dili və ədəbiyyatı” ixtisasına 37 nəfər, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 110 nəfər, “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 60 nəfər, “Fransız dili və ədəbiyyatı” ixtisasına 11 nəfər, “Alman dili və ədəbiyyatı” ixtisasına isə 2 nəfər tələbə qəbul olunub.
