Home AZ | EN | RU

Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

14/09/2018

Filologiya fakültəsində 2018/2019-cu tədris ili üzrə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi, kafedra müdirləri, tyutorlar, müəllimlər və gənc əməkdaşlar iştirak edib.
Tələbələri salamlayan fakültə dekanı, dosent Elçin Məmmədov onları yeni dərs ili münasibətilə təbrik edərək uğurlar arzulayıb. Gələn il 100 illik yubileyini qeyd edəcəyimiz universitetimizlə yaşıd olan Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı haqqında məlumat verən dekan son illər burada görülən işlərdən, yeniliklərdən, perspektivlərdən bəhs edib, tələbə həyatının maraqlı məqamlarından danışıb. Bildirib ki, fakültədə fəaliyyət göstərən Tələbə Elmi Birliyi, “Söz” Yaradıcılıq Birliyi, “Folklorşünaslıq” dərnəyi istedadlı tələbələrin üzə çıxarılması istiqamətində mühüm işlər görməkdədir.
Dekan müavinləri: prof. N.Xəlilov və dos. C.Muradov, kafedra müdirləri: prof. S.Orucova, dos. S.Abbasova, həmçinin dos. T.Əliyev və başqaları çıxış edərək Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar.  
Sonra I kurslar üzrə akademik məsləhətçi Nuray Vəliyeva tələbələr boloniya prosesi ve kredit sistemi haqqında ətraflı məlumat verib, onların qruplar üzrə bölgüsünə aydınlıq gətirib,  bəzi tələbələrin suallarını cavablandırıb.  
Tyutor Nuray Vəliyevanın verdiyi rəsmi məlumata görə, bu tədris ilində 310 nəfər abituriyent (285-i əyani və 25-i qiyabi olmaqla) BDU-nun Filologiya fakültəsində təhsil almaq imkanı əldə edib. Onlardan 219-u Azərbaycan, 91 nəfəri isə rus bölməsinin payına düşür. Qəbul olunan tələbələrdən 38 nəfəri 600-dən yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək göstərici 670 balla “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş Mərziyyə Kazımzadəyə və 665 balla Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında təhsil alacaq Elşən Abbasova məxsusdur. Qeyd edək ki, hər iki tələbə orta məktəbi fərqlənmə attestatı ilə bitirib.
Bundan başqa, bu il “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına 70 nəfər, “Rus dili və ədəbiyyatı” ixtisasına 34 nəfər, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 110 nəfər, “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 57 nəfər, “Fransız dili və ədəbiyyatı” ixtisasına 19 nəfər, “Alman dili və ədəbiyyatı” ixtisasına isə 20 nəfər tələbə qəbul olunub.

Bookmark and Share