Home AZ | EN | RU

Filologiya fakültəsində Lefke Avropa Universitetinin dosenti Nazim Muradovun elmi seminarı keçirilib

18/10/2022

18 oktyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradovun  “İsmayıl bəy Qaspıralının “Bəlai-İslam” əsəri və çağdaş müsəlman dünyasındakı təzahürləri haqqında” adlı elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Nazim Muradovun həyatı və fəaliyyəti haqqında məlumat verib, BDU-nun fakültəsi ilə bağlılığından söz açıb.
Sonra söz məruzəçiyə verilib. O, İ.Qaspıralının həyat və yaradıcılığı haqqında bir sıra faktlara diqqət çəkərək bəzi mühüm məqamlara toxunub. Bildirib ki, “dildə, fikirdə, işdə birlik” ideyasının reallaşmasına var qüvvəsi ilə çalışan İsmayıl Qaspiralının bədii-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği və tətbiqi dayanır. Məruzəçi həm də mütərəqqi fikirlərin həyata keçməsində böyük xidmətləri olan ziyalının yaradıcılığında qadınlara münasibətdən də bəhs edib. Qeyd olunub ki, yazıçının roman və hekayələrində qadın problemi bədii yanaşmada öz həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-fəlsəfi və ictimai-siyasi münasibət bildirilir. Ancaq hər iki halda böyük şəxsiyyətin narahatçılıqları ifadə olunur, ruhuna hakim kəsilən milli duyğuların təzahürü özünəməxsus tərzdə diqqəti cəlb edir.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.

Bookmark and Share