Filologiya fakültəsində Od çərşənbəsi qeyd olunub
28/02/2017Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təşəbbüsü ilə “Od çərşənbəsi” keçirilib. Tədbirin giriş hissəsində dərnək üzvlərinin Şəhidlərimizin əziz xatirəsinə həsr hazırladıqları musiqi parçası təqdim edilib. Bu tədbirin keçirilməsi qədim xalq adət-ənənələrini, inanclarını bugünkü günə çatdırmaq, gənclərdə mənəvi dəyərlərə hörməti artırmaq, onlarda xalq təəssübkeşliyini yaratmaq məqsədi daşıyıb. Aparıcılar Filologiya fakültəsinin tələbələri Şəms Həmzəyeva və Elnur Soltanov Od çərşənbəsi haqqında maraqlı məlumatlar verib. Tədbir boyunca “Folklor” dərnəyinə üzv olan Universitetin Filologiya, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin, eləcə də Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri muğamlar ifa edib, şeirlər deyiblər. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantları Od çərşənbəsi ilə bağlı folklor nümunələri səsləndirib, milli xalq ənənə və inancları haqqında bilgiləri tamaşaçılarla bölüşüblər. Tədbirdə Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən bir səhnəcik tamaşaya qoyulub. Sonda tamaşaçılar üçün çay süfrəsi açılıb.
