Home AZ | EN | RU

Filologiya fakültəsinin doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19/11/2018

2025-ci ildə keçiriləcək Ümumdünya Expo Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. Sərginin prioritet mövzusu olaraq seçilmiş insan kapitalının inkişafı məsələlərinə dair elmi əsasların gücləndirilməsi məqsədilə məqalə müsabiqəsi təşkil edilib.
Elmi məqalə müsabiqəsinin mövzusu “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” adlanır. Müsabiqədə yaşı 35-ə qədər olan ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvləri, o cümlədən, doktorant, dissertant və magistrantlar iştirak ediblər. Müsabiqə üç əsas mövzuya həsr olunub: təhsil, səhiyyə və məşğulluq. 200-dən çox elmi məqalə içərisində BDU-nun Filologiya fakültəsinin doktorantı Ayşən Sadıqlının məqaləsi II yerə layiq görülüb. O, sertifikat, xatirə hədiyyəsi və pul mükafatı ilə təltif edilib.
Qeyd edək ki, A.Sadıqlı “Universitetdaxili 50+50 qrant layihəsi” çərçivəsində 1 qrantın qalibi, 2 kitabın-“Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, biri xaricdə olmaqla 18 məqalənin, 17 tezisin və 3 kitabın ön sözünün müəllifi, 4 kitabın redaktorudur. O, 2 fəxri fərman və təşəkkür, 10 diplom, 4-ü beynəlxalq olmaqla 19 sertifikatla təltif olunub, 1 beynəlxalq simpozium və 20 elmi konfransda məruzə ilə çıxış edib.

Bookmark and Share