Home AZ | EN | RU

Filologiya fakültəsinin I kurs tələbəsi Nərmin Nəbiyeva: “Xalqımızın yaddaşına əbədi həkk olan Zəfər”

07/11/2021

Bu günə qədər yazdığım esselərdə  daim qəlbimin dərinliklərində bir nisgil, kədər vardı. Amma bugün yazacağım esseni digərlərindən fərqli olaraq qürur, fərəh, sevinclə yazıram. Azad, məğrur Azərbaycanın qızı olaraq yazıram. Bəzən həyatda elə qələbələr, elə uğurlar, hisslər var ki, onları yazıya köçürmək, qarşındakına hiss etdirmək olmur. İllərdir, qəlbimizdə yara olan, ana vətənimizin, əbədi torpağımızın azad olmasıdır bu şərhsiz sevgi. Yadların ayaq basdığı obanı öz canımızdan keçərək azad etdik. Yaddaşlardan silinməyən Zəfər dolu yeni təqvimimiz oldu. Öz gücümüzü, Azərbaycanın nələrə qadir olduğunu bütün dünyaya göstərdik.
8 noyabr 2020-ci il... Yaddaşlara əbədi həkk olan tarix... Azərbaycanın ən dilbər guşəsindən olan Qarabağımızın geri dönüş dastanı oldu. Qanımızda axan türk qanı, qəlbimizdə olan vətən sevgisi, torpaq sevgisi bizi Zəfərə götürdü. 44 gün ərzində biz təkcə mənfur ermənilərə deyil, bütün dünyaya kim olduğumuzu göstərdik. 44 gün qəhrəmanlıq dastanı oldu bizim üçün. Əsla yıxılmadıq, əsla yorulmadıq çünki hər birimiz, hər bir Azərbaycan övladı bu haqq yolundan zəfərlə qayıdacağına əmin idi. Biz bilirdik ki, artıq Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, ümumən Qarabağsız yazımız, yayımız, payızımız, qışımız olmayacaq.
Azərbaycan dövləti daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin işğalçı Ermənistanın  cəbhə boyu ərazilərdə təxribat törətməsi, mülki əhalimizə atəş açması bizə hərbi gücümüzü göstərməyə məcbur etdi. Azərbaycanın qəlbləri dağ kimi əzəmətli olan övladları bu yolda canlarını belə verməyə razı oldular. Ailələrini, geridə qoyub gəldiklərini bir an düşünmədilər. Öncə vətən, torpaq,sonra ailə dedi hər biri. Bizə onlar zəfər bayramını bəxş etdilər. Torpaq uğrunda şəhidlik zirvəsinə ucaldılar. Hər gün sevinc,zəfər bəxş etdilər bizə. Qəlbimizdə  var olan o yarada Qarabağın kədər notları deyil, zəfər, sevinc notları çaldırdı igidlərimiz. Ali Baş Komandanımız getdiyimiz haqq yolunda bizim, əsgərlərimizin dəstəkçisi oldu. “Qarabağ Azərbaycandır və nida işarəsi” demişdi Ali Baş Komandan. Nitqindəki məğrurluq, dönməzlik və zəfər əminliyi həm əsgərlərimizə, həm Azərbaycan xalqına dəstək oldu. Sübhə qədər yatmadan qələbə sevincini gözləyirdik. Aldığımız hər torpaqda uşaq kimi ağlayırdıq hər birimiz. Küçədə tanımasaq belə, bir birimizi təbrik edirdik, bir birimizi qucaqlayırdıq. Kimisi sevincindən küçədən keçənlərə şirniyyat hədiyyə edir, kimisi isə avtomobilərin siqnal səsini oyun havası bilib oynadı. Zəfər günü gecəsi Ali baş komandanın o zəfər dolu  çıxışından sonra sanki ölkəmizə bir rəng gəldi.Xalqımız sevincindən nə etdiyini bilmədi. Bayraqlarımızı köksümüzə sarıdıq küçələrə çıxdıq hər birimiz.İllərdir həsrətində olduğumuz yurdlarımız azad oldu demək üçün. Sanki o avtomobillərin siqnalı, insanların sevinc səsləri, küçədə oynamaqları bir simfoniyaya döndü. Zəfər sevinci bütün ölkədə  böyük sevinclə qarşılandı. Qələbənin verdiyi sevinc səsləri qazilərimizi belə ayağa qaldırdı. Ayaqları olmasa belə, Zəfər bayramını qeyd etmək üçün əlləriylə dəstək alaraq çıxmışdı qazilər küçəyə. Qazilərimizin yaraları artıq əvvəlki kimi ağrılı deyildi. Qəlblərindəki o zəfər sevinci bütün kədəri, ağrıları unutdurmuşdu.  Həmin  gün şəhidlərimizin  ruhu şad idi. Şəhid anaları Zəfər bayramını sevinclə qarşıladılar. Gözlərindən axan yaşlar oğul üçün deyildi. Sevinc və fəxr gözyaşlarıydı o axan yaşlar. Çünki bu Zəfər o igidlərimizin bayramıdır. İllər keçsə belə, bu tarixi Zəfər Azərbaycan xalqının yaddaşına əbədi həkk olacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə isə səbr versin! Qazilərimizin qəhrəmanlığı qarşısında baş əyirik. Bu bayram bizim şərəf və qürurumuzdur. Zəfər bayramınız mübarək olsun!

Bookmark and Share