Home AZ | EN | RU

Filologiya fakültəsinin II kurs tələbəsi Lumu İspəndiyarzadə: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”

07/10/2020

Hardan başlayım? Necə başlayım? Bilmirəm......
Təcavüzkar düşmənin xalqımıza vurduğu zərərdənmi başlayım, yoxsa rəşadətli ordumuzun qazandığı zəfərlərdənmi?
Hər bir müharibənin bir başlanğıc nöqtəsi olur. Mən də Ermənistan-Azərbaycan müharibəsinin başlandığı tarixə kiçik bir səfər etmək istəyirəm. Əsrlər öncə başlayan bu mübarizə nə üçün başladı? Nə idi xalqımızın dinc sakinlərinin günahı? Bütöv Azərbaycanın 20 faizinin işğalında məqsəd nə idi? Azərbaycanın 2 hissəyə bölünməsinə səbəb olmuş müqavilələr, qeyri-qanuni qərarlar, xarici qüvvələrin təkidi - bunların hamısı xalqımızın sinəsinə vətən dağı çəkdi. Vaxtilə  rusların vasitəçiliyi ilə Azərbaycan ərazisində yerləşdirilmiş erməni vandalları artıq qondarma “Ermənistan Respublikası"nın yaradılmasında məqsədli idilər. Nə üçün Azərbaycan? Bildiyimiz kimi, hər qarışı cənnət-məkan olan yurdum əsrlər boyu yadellilərin diqqətini özünə çəkməyi bacarmış və bu səbəbdən də ərazilərimiz daim yadellilərin hücumuna məruz qalmışdır. İşğal olunmuş torpaqlarımızın buz bulaqları, yaşıl meşələri, vüqarlı dağları, təbii sərvətləri, bir sözlə, bütün gözəllikləri mənfur düşmənin gözündən yan keçmədi. Hər fürsətdən istifadə edən işğalçı Ermənistan Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və digər şəhər, kənd və yüksəklikləri ələ keçirərək Azərbaycan xalqına 30 ilə yaxın davam edən vətən həsrətini yaşatdı. Lakin haqq-ədalət hər zaman öz yerini tapır. Xeyir hər zaman şər üzərində qələbə qazanır. Bu öz sübutunu tarixin izlərini özündə əks etdirən “Avesta” və digər mədəniyyət nümunələrində də tapır.
Tarix yenidən yazılır. 30 illik vətən həsrətinə son qoyulur. 27 sentyabr tarixində düşmənin törətdiyi təxribata cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi adekvat tədbirlər təcavüzkar düşmənə bir dərs verdi. Bu dərs hələ bitməyib, hələ çox qələbə sevincini yaşayacaq bu millət. 30 ildir ki, gözlədiyi günü yaşayacaq bu millət. Haqq uğrunda davam edən mübarizənin 10-cu günündə Azərbaycanın igid əsgərlərinin həyata keçirdiyi uğurlu əməliyyatlar  nəticəsində 20-ə yaxın kənd azad edildi, Murovdağ düşmən qüvvələrindən təmizləndi, Madagiz Ali Baş Komandanın qərarı ilə öz  adını bərpa edərək Suqovuşan adlandırıldı. Cənab Prezident, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə fədakar ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində düşmən öz dərsini aldı və almaqda davam edir. Çarəsiz qalmış düşmən mülki əhalini atəşə tutmaqda gördü çarəni, amma bunlar da xalqın mübarizə əzmini qıra bilmədi. Əhali arasında təşviş yaratmaq üçün həyata keçirilən təxribat öz nəticəsini vermədi. Azərbaycan xalqı öz yurdundan qaçmadı, arzularından deyil, arzularının dalıyca qaçdı və qaçmaqda davam edir. Mənim bu  cümlələri yazarkən yaşadığım sevinc və qürur hissini heç bir söz ifadə edə bilməz. Minlərlə insanın qüruru və sevincidir ordumuzun qazandığı uğurlar. Ata-baba yurdundan ayrı düşmüş minlərlə insanın sevincdən yaşaran gözlərinə, vətən deyən dillərinə qurban olum. Mən inanıram ki, o gözlər hələ çox sevincdən yaşaracaq, o saf qəlblərdə olan vətən həsrəti gündən-günə bitəcək. İllər öncə şəhid olmuş, bu gün də şəhid olan, son damla qanına qədər vətənin ərazi bütövlüyünün qorunması uğrunda canından keçən igidlərin qısası alınır və alınacaqdır. Bizim mübarizəmiz haqq mübarizəsidir. Bu haqq mübarizəsinin sonunda Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcək. Hər qarış torpaqda bayram şənlikləri təşkil ediləcək, xalqımızın hər bir vətəndaşının gözündə sevinc göz yaşları yaranacaq. Hər kənddə, şəhərdə “Qarabağ Azərbaycanındır” şüarları səslənəcək, düşmənin beli büküləcək və dünya Azərbaycanın qüdrətini anlayacaq!
BDU-nun Filologiya fakültəsinin tələbəsi olaraq mənim ən böyük arzum odur ki, universiteti bitirdikdən sonra Qarabağda müəllim işləyim, oradakı şagirdlərə dərs keçim. Onlara Azərbaycan xalqının dilini, ədəbiyyatını öyrədim. Onlar da bilsinlər, öyrənsinlər ki, Azərbaycan xalqı necə məğrur, ədalətli və tarixin izini özündə daşıyan bir xalqdır. Bu arzular bir gün gerçək olacaq inşallah.
Və kiçik də olsa, duyğularımı ifadə etdiyim yazını  bu  ifadələrlə sonlandırmaq istəyirəm: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bookmark and Share