Home AZ | EN | RU

Filologiya fakültəsinin III kurs tələbəsi Şirin Cəfərli: “Ölümsüzlük zirvəsi – Şəhidlik”

07/11/2021

Hələ kiçik yaşlarımızdan müəllimlərimiz, valideynlərimiz bizlərə Vətən məfhumunu anlatmağa çalışıb. Onların sayəsində bizdə Vətən anlayışı formalaşıb. İnsan özünü dərk etdikcə anlayır ki, Vətəni təkcə anlamaq yox, hiss etmək də lazımdır. Bütün dolğun ifadələrlə anladılan bu anlayışı  2016-cı ilin Aprel döyüşləri zamanı, 14 yaşımda hiss etməyə başlamışdım. Sən demə, Vətən uğrunda canından, qanından, sevdiklərindən keçən qəhrəman şəhidlərin özü imiş. Bunu anlayanda ruhən çox böyümüşdüm. Üstündə gəzdiyimiz torpağı Vətən edən şəhidlərdir. Bəs insan Vətən sevgisini necə hiss edir? Cavabı sətirlərə sığa bilməyəcək dərəcədə çox olan suala toxundum... Qəhrəmanlarımız şəhadətə ucalanda onlarla fəxr etdiyimiz qədər acı da çəkirik. Necə dəyərlər itirdiyimizi hisslərimizi ifadə edə bilməyəndə anlayırıq. Duyğularımızı sevdiklərinin baxışlarında tapırıq. O baxışlar gözümüzün önündən getməyəndə anlayırıq Vətən sevgisini...
Qəhrəman şəhidlərimiz istiqlalımızı qorumaqla yanaşı, bizə Vətəni öyrədir, qüruru öyrədir, bütün ağır hisslərə rəğmən ayaqda qalıb başını dik tutmağı öyrədir. Necə müqəddəs amal, necə müqəddəs zirvə…
Vətən və şəhid anlayışlarını bütün qəlbi ilə dərk edən xalqımız 2020-ci ilin Vətən müharibəsi zamanı qələbə qazanacağına inanırdı. Çünki o xalq Vətəni sevirdi, şəhidinə dəyər verirdi və qəhrəman oğullarına çox güvənirdi. Qəhrəmanlarımızın amalları Vətən torpağını işğaldan azad etmək, bayrağımızı ən uca zirvələrdə dalğalandırmaq və xalqımızı hər zaman başıuca etmək idi. “Qansa qan, cansa can, yetər ki, sən dalğalan” deyərək, qorxmadan irəli atıldılar. Onlar həm də bütün şəhidlərimizin qisasını alırdılar.
Bu xalq, uğrunda canından keçməyə hazır olan qəhrəmanlar sayəsində qələbə çaldı. İllərdir, işğal altında olan doğma torpaqlarımız azad olundu. Xalq xoşbəxt oldu, bayrağımız daha da ucaldı, Azərbaycana yeni ruh gəldi. Hər biri qəhrəmanların canı və qanı bahasına baş verdi. İndi həmin xalqın qarşısında çox dəyərli vəzifə var: Şəhidlərini unutmamaq, hər zaman yaşatmaq və onların əmanətlərinin yanında olmaq…
Şəhidlərimizin zirvəsinin müqəddəs olması bizə təsəlli olan ən böyük gerçəklikdir. Bu qədər vətənpərvər, gözəl qəlbli, nur üzlü, qorxmaz, igid qəhrəmanları cismən itirməyi qəbul etmək asan deyil. Necə ayaqda qalırıq? Bu sualın tək cavabı var: Şəhidlik zirvəsi. “Şəhidlər ölmür” ifadəsi burada tam yerinə düşür. Bəzən o qədər ağır gəlir ki, insan özünə yer tapa bilmir. Amma bu ifadə, bu gerçəklik həmin an insanın qəlbinə təskinlik verir. Bəli, şəhidlər ölmür. Onlar indi öz ruhları ilə Vətəni, bizləri qoruyurlar.
Azərbaycan xalqının qarşısında dayanan ən qabaqcıl vəzifələrdən biri də qəhrəmanlarına layiq yaşamaqdır. Torpağın üzərində gəzərkən o torpaq uğrunda canından keçən qəhrəmanları xatırlayıb  bütün addımları o qəhrəmanların adlarına layiq olaraq atsaq, onların da ruhu hər daim şad olar. Şəhidlər və onların qəhrəmanlıqlarından danışanda gözlərimizin önünə onların xatirələri və ailələrinin qürurlu çıxışları gəlir. Heç şübhəsizdir ki, Azərbaycan ordusunun qələbə qazanması ən başda şəhidlərimizin ailələrinə təskinlik oldu. Aprel döyüşlərinin qəhrəman şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənovanın söylədiyi ifadəni xatırlayaq: “Qələbə xəbərini eşidən kimi mərkəzi küçəylə ayaqyalın Xiyabana gedib şəhidimə xəbər aparacam. Sözümün üstündə duracam, onun şəhidliyinə heyifsilənməyəcəm, ağlamayacam. Söz!”
Budur,  Azərbaycan xalqı qəhrəman şəhidlərinin, qazilərinin və əsgərlərinin qanı, canı bahasına qələbə qazandı. Şəhidlərimizin ailələrinin ürəyi təskinlik tapdı. Övlad həsrəti və fəxarət hissini birlikdə yaşayan analarımız, atalarımız artıq sabaha daha ümidlə baxacaq. Buna görə də müqəddəsdir şəhidlik zirvəsi...
Əgər buradan bütün Azərbaycana sadəcə bir cümlə ilə müraciət etsəm, “Şəhidlərimizi heç vaxt unutmayın və həmişə yaşadın” deyərəm. Qarşımızda o qədər müqəddəs bir vəzifə var ki… Ürəyimizin bir tərəfində acı, digər tərəfində isə sonsuz fəxarət var. Bizlər üçün o acını hiss etmək belə qürurdur. Azərbaycan xalqı qəhrəman şəhidlərinə ömür boyu minnətdar olacaqdır. Unutmayaq o ölümsüz qəhrəmanları, çünki şəhidlər elə Vətənin özüdürlər…

Bookmark and Share