Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti birinci kurs tələbələri ilə onlayn görüş keçirib

25/11/2020

Noyabrın 25-də BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti birinci kurs tələbələri ilə onlayn görüş keçirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş görüşdə dekan müavinləri: dosent Mehriban Əlizadə və Anar Fərəcov, TEC-in elmi rəhbəri Gülnar Axundova, TEC-in sədri, IV kurs tələbəsi Məleykə Mirzəli və tələbələr iştirak edib.
Tədbirin moderatoru Gülnar Axundova giriş sözü ilə çıxış edərək, tələbələrə bu görüşün məqsədindən,Tələbə Elmi Cəmiyyətinin fəaliyyət istiqamətlərindən və elmi təşkilatlanmanın faydalarından danışıb.
Sonra söz Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadəyə verilib. M.Əlizadə tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən və qarşıda duran əsas vəzifələrdən söz açıb. Bildirib ki, tələbələrin bu sahədəki aktivliyinin təmin olunmasına və onların konfranslarda fəal iştirakı üçün şəraitin yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalı, bu istiqamətdə TEC-lə yanaşı, müəllimlər də gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirməlidir.
Təqdimatla çıxış edən TEC-in sədri Məleykə Mirzəli son illər təşkilatın həyata keçirdiyi işlər barəsində ətraflı məlumat verib. Qeyd edib ki, TEC mütəmadi olaraq tələbələrlə sıx əlaqə saxlayır, onların elmə olan marağının artması üçün elmi seminarlar və görüşlər təşkil edir.  
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələrin elmi və sosial fəallığının mühüm məqamlarından danışıb, gələcəyin kadrları kimi onları universitetin elmi həyatında aktiv olmağa çağırıb və gənclərə öz tövsiyələrini verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bookmark and Share