Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib

11/12/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, fakültənin I kurs tələbəsi Aydan Rüstəmzadə tədbiri açıq elan edib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov dünya şöhrətli dahi Liderin keşməkeşli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və tərəqqisində, dünya arenasında böyük uğurlara imza atmasında, xalqımızın rifah halının yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, müxtəlif sahələrdə aparılan quruculuq işlərinin, beynəlxalq miqyasda respublikamızın nüfuzunun daha da güclənməsinin və ötən ilə əldə olunan tarixi Zəfərin arxasında uzun illər Ulu Öndərin həyata keçirdiyi böyük siyasi fəaliyyət dayanır. Və hazırda bu siyasi kurs onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev və onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.   
“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov Heydər Əliyevin Azərbaycan dilinə və ədəbiyyatına xüsusi sevgisindən, ana dilinə göstərdiyi dövlət qayğısından, bu istiqamətdə imzaladığı fərman və sərəncamların tarixi əhəmiyyətindən, son illər ölkəmizdə həyata keçirilən dil siyasətindən danışıb.    
Sonra Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov və sədr müavini Elnurə Ağasəfzadənin çıxışları dinlənilib. Çıxışlarda Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlər, elm və təhsilin inkişafındakı müstəsna xidmətləri və gənclər siyasəti haqqında məlumat verilib.
Tədbirdə fakültə üzrə Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü Samirə Haqverdiyevanın hazırladığı viedoçarx nümayiş olunub.

Bookmark and Share