Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri “Sahillər təmiz qalsın” təmizlik aksiyasında iştirak edib

08/06/2019

Qafqazinfo.az-dan verilən məlumata görə, iyunun 8-də İDEA İctimai Birliyi, “Təmiz Şəhər” ASC, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Nəqliyyat Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə irimiqyaslı təmizlik aksiyası keçirilib.
“Təmiz Şəhər” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, Ümumdünya Ətraf Mühit Gününə həsr edilən, eyni zamanda, çimərlik mövsümünün başlanması ilə əlaqədar təşkil edilən növbəti ənənəvi sahilyanı təmizlik aksiyası Novxanı çimərliyi ərazisində təşkil olunub. Sözügedən aksiyaya ali və orta təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının fəal üzvləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 1000-ə yaxın könüllü gənc qoşulub.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbirdə BDU-nun Filologiya fakültəsini Tələbə Gənclər Təşkilatının sədri Tural Cəfərov və 10-a yaxın tələbə təmsil edib.

Bookmark and Share