Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbəsi Məleykə Mirzəli: “Əfsanədən gerçəkliyə – Xarıbülbül”

05/04/2021

Özümüzü biləndən bəri zehnimizə hopmuş bir müqəddəs yurd adı var – Şuşa! Əzəmətli tarixi, əsrarəngiz təbiəti, füsunkar flora-faunası ilə məşhuri-cahan olan Şuşamız… Bununla bitmir, Şuşanın bir də dillərə dastan olan, əfsanələrə, rəvayətlərə çevrilən Xarıbülbülü var. Xarıbülbül sadəcə bir çiçəkdir, yoxsa əsrlərin sınağından çıxmış bir xalqın Zəfər simvolu? Xarıbülbül vətən nisgili idi, yoxsa elə Vətənin özü?
Xarıbülbül əzəmətin, yenilməzliyin simvoludur! Onun haqqında söylənilən əfsanələrin birini nəzərdən keçirərək əzəmətini görmək olar.
Əfsanəyə görə, bir gün bülbül öz sevgilisi olan gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş. Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri isə yerlə-yeksan edərmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək qəzəblənir:
– Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verir:
– Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o, heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
– Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bu sözləri deyib kükrəyir. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi qarşısında gül dözə bilməyib  bir yarpaq əyilir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı bülbül qalır.

Əfsanədən də göründüyü kimi gül küləyin qarşısında bir addım belə əyilmir və beləliklə, Xarıbülbül yaranır. Həmin Xarıbülbül ki, bir əyilməz xalqın Zəfər simvolu olacaq.
Xarıbülbül Vətənin, ana diyarın simvoludur! Yəqin ki, sizin də o dəqiqə ağlınıza “Vətən bağı al-əlvandır, yox içində Xarıbülbül” misraları gələcək. Gəlin bu misraların tarixi ilə tanış olaq, görək bu Vətən bağı haradır?
İran şahı Qarabağ xanlığına hücum edir, müharibə zamanı çox itki hesabına olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran arasında ixtilafı daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb etməyə başlayırlar, onu rahat buraxmırlar… İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək, ona ərə verir.
Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək – ömrünün sonuna kimi Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Ancaq bir azərbaycanlı qızının Vətən həsrətinə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını alır. Minlərlə qız-gəlinin, ağbirçək ananın göz yaşı tökülmür. Ancaq onun misralarında Vətən nisgili, doğma yurddan uzaqda yaşanan bir ömrün təəssüfü  duyulur:
Mən aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Qarabağdan gəlib Tehranda şaha zövcə olmuş Ağabəyim ağanı gözü götürməyənlər Fətəli şaha bu bayatını çatdırmış, üstəlik də demişdilər ki, qarabağlı bu “qızcığaz” Tehranda oturub Tehranı bəyənmir. Şah incik halda Ağabəyim ağanı hüzuruna çağırtdırır. Şairə hazırcavablıq edərək şahın fikrini yayındırmağa çalışır:
– Mən elə deməmişəm, Şahım! Sizə başqa cür çatdırıblar, mən belə demişəm:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönür,
Yaddan çıxır Qarabağ.
Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda, Ağabəyim ağanın gözlərindəki kədəri də görür. Ona daha artıq hörmət bəsləməyə başlayır, bu kədəri azaltmaq istəyir:
– Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə yetirim.
Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır:
– Şah sağ olsun! Qorxuram arzum sizə toxuna, ona əməl etməkdən boyun qaçırasınız.
– Fətəli şah bir qədər də təkəbbürlənir:
– Nə vaxtsa mənim sözümü geri götürdüyüm ya sənin sözünün yerə düşdüyü olubmu? – deyir.
– Elə isə, icazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi satım.
Fətəli şahın təəccübü böyük marağa çevrilir:
– Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir? Bütün İran məmləkətinin var-dövləti sənin əlinin altında olduğu halda, atanın sənə qoşduğu cehizi satmaq nəyinə lazımdır ki?
Ağabəyim ağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:
– Şahım, mən sizin sarayınızda yaşayıram, geydiyim paltar da sizindir, yediyim çörək də. Bəs onda bəzək-düzəyim niyə atam evindən gətirdiyim olsun? Bəs Sizin mənə bağışladığınız daş-qaşlarla nə vaxt bəzənəcəyəm? Sizin mənə bəxş etdiyiniz daş-qaşlar atamın verdiyindən həm çoxdur, həm də gözəldir. Hər dəfə üstümdəki bəzəklərə baxanda sizin yadınıza köhnə ədavət, mənim də yadıma mərhum atam, Vətənim Qarabağ düşür. Mənim, keçmişi xatırlamağım sizi sıxdığı kimi, sizin də keçmişi xatırlamağınız məni sıxır. Bu sıxıntıdan birdəfəlik qurtarmaq yaxşı olmazdımı?!
Fətəli şah fikrə gedir, bu ağıllı sözlər qarşısında deməyə söz tapmır, bilmir ki, nə cavab versin, razılaşmağa məcbur olur. Amma bir məqam onu narahat edir:
– Bəs sənin daş-qaşlarını satdığını bilsələr, mənə nə deyərlər? Məni xalq içində rüsvay etmək istəyirsən?
– Arxayın olun, şahım! Siz məndən nankorluq görməmisiniz, ölənəcən də görməyəcəksiniz. Bu sirri yerdə ikimiz, göydə isə Allah-təala biləcək.
Lakin Fətəli şah yenə tərəddüd edir:
– Axı pul sənin nəyinə gərəkdir? Nəyin çatmır? Sənə nə lazımdırsa, nə qədər pul istəyirsənsə, mən verə bilərəm. Bütün xəzinəm həmişə sənin üzünə açıqdır!
Ağabəyim ağa bu sözlərdən şahın yumşaldığını duyur, tez cavab verir:
– Elədir, şahım! Siz sabahdan bütün saraya elan edərsiniz ki, xəzinəni mənim üzümə açırsınız. Mən isə xəzinə əvəzinə daş-qaşlarımı, cehizlərimi xərcləyərəm, buna özüm üçün bir bağ salmaq istəyirəm. Elə bir bağ ki, orda ancaq mən gəzim. Bu bağ ancaq mənə məxsus olsun, bu bağda hər çiçək, hər kol ancaq mənim zövqümlə əkilsin, buyurun ki, heç kəs mənim işimə qarışmasın.
Fətəli şah razılığını bildirir, səhəri gün elan edir ki, şah xəzinəsini Ağabəyim ağanın üzünə açıbdır. Dünyanın hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət olunurlar. Ağabəyim ağa öz fikrini bağbanlara bildirir: “Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin”.
İş başlanır, Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ot-ələf, gül-çiçək, kol, ağac bu bağda da əkilir, diqqətlə becərilir. Nəhayət, bağ hazır olur, şairənin arzusuna əməl edərək bağın adını “Vətən bağı” qoyurlar. Hər şey hazır olduqdan sonra Ağabəyim ağa bağı gəzməyə çıxır. Bağ, doğrudan da gözəl idi. Məharətli bağban əlləri gül-çiçəklə bərabər, sanki Şuşanın dağ-dərəsinin havasını da, ətrini də bura gətirmişdi.
Şairə bağı gəzib-dolanır, hər şey onun zövqünü oxşayır. Lakin nə qədər axtarırsa, bağda Xarıbülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları çağırtdırır, məsələni onlara bildirir. Bağbanlar yenidən ikiqat səylə işə başlamalı olurlar. Lakin nə qədər edirlərsə, Xarıbülbül “Vətən bağı”nda bitmir ki, bitmir. Bağbanların zəhməti hədər gedir… Xarıbülbül Şuşadan Tehrana “Vətən bağı”na köçmür ki, köçmür… Elə bu məqamda Ağabəyim ağa həsrətlə deyir:
“Vətən bağı” əl-əlvandır,
Yox içində Xarı-bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!

Məhz həmin zamandan Vətən Xarıbülbül adı qoşa işlənir.
Xarıbülbül haqqında deyilən bütün fikirlər onun gözəlliyindən, füsunkarlığından irəli gəlir. Gülün düz ortasında isə sanki bir bülbül oturub. Bülbülün çiynində iki balaca ləçək var, gülün öz ləçəklərinin rəngindən bir azca tünddür. Ləçəklərdən bir xeyli balacadır. Elə bil ki, bu ləçəklər bülbülün qanadlarıdır.
Xarıbülbülün digər adı Qafqaz Qaş Səhləbidir. O, toxumla artan çoxillik bitkidir. Xarıbülbül Orxideyalar fəsiləsinə, Ofris (Ophrys lat.) cinsinə aiddir. Ofris səhləbkimilər fəsiləsinə aid bitki cinsidir. Ofris cinsinin 50-dən çox növü var (“Ophrys” yun. – “qaş”) . Xarıbülbül Şuşada əsasən Cıdır düzündə bitir. Aprel ayının axırı may ayının əvvəlində, təxminən, 15-20 gün çiçək açır.
Gələk əsas məqama! Keçən əsrin 90-cı illərindən, yəni Qarabağ işğalından etibarən “Xarıbülbül” adı bizim üçün nisgili, kədəri, dərdi xatırlatmışdı. Lakin 2020-ci ilin 27 sentyabrından başlanan Vətən Müharibəsi zamanı bu kədərin yerini qürur aldı. 44 günlük müharibə ərzində hər gün “Ətrin gəlir, Xarıbülbül” deyərək həsrətlə gözlədik. Və igid oğullarımızın sayəsində 8 noyabrda Şuşamız, eləcə də Xarıbülbülümüz işğaldan azad oldu. Xarıbülbül Vətən Müharibəsinin ikonasına çevrildi. Həmin gündən bu yana Xarıbülbül bizim üçün Vətən Müharibəsinin şəhidlərini xatırladır.

Bizim Xarıbülbülümüz Mübarizlərimizin, Poladlarımızın qanı ilə boy atıb. Artıq onu heç kəs əlimizdən ala bilməz. Vətən bağı al-əlvandır, artıq içində Xarıbülbülü də var!

 

MƏLEYKƏ MİRZƏLİ
BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi

 

 

Bookmark and Share