Home AZ | EN | RU

BDU filoloqları Bilkənd Universitetinin sertifikatı və məzun bukletinə layiq görülüblər

10/08/2016

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli, “Türkoloji Araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov, tələbələr - Nihat Mikayıllı, Nigar Ağayeva, Mərziyə Behbudova, Lalə Əliyeva, Nigar Cəfərzadə və Sevinc Həsənova İhsan Doğramacı Bilkənd Universitetində “Türkiyə türkcəsinin tədrisi üzrə yay məktəbi”ndə olublar. Adıçəkilən universitetin “Region ölkələri üzrə kurs proqramları departamenti” tərəfindən artıq 22 ildir ki, təşkil edilən yay məktəbi türk dillərinin aktual məsələləri, dil və ədəbiyyatın tədrisi metodikası, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində təşkil edilir. Yay məktəbində Azərbaycanla yanaşı, Qazaxıstan, Kosova və İraq İslam Respublikasının müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 70 müdavim iştirak edib.

Dərslər Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri tərəfindən aparılıb. İştirakçılara “Dilçiliyə giriş”, “Türk dilinin orfoqrafiya qaydaları”, “Türk dili və ədəbiyyatının tədrisi metodikası”, “Türk dilinin tarixi inkişafı”, “Ədəbi cərəyanlar”, “Şifahi xalq ədəbiyyatı” və s. dərslər tədris olunub. Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı verib. Tələbələr arasında Nigar Ağayeva və Mərziyə Behbudova ən yüksək balla qrup birincisi olublar. Tədbirin sonunda imtahandan keçmiş hər bir müdavimə Bilkənd Universitetinin sertifikatı və məzun bukleti təqdim edilib.

Universitetimiz adından kurs boyu göstərilmiş yüksək qonaqpərvərlik və qayğıya görə Bilkənd Universitetinin Mütəvəlli Heyət Başqanı, prof. Əli Doğramacıya, universitetin rektoru, prof. Abdullah Atalara, rektor yardımçısı, prof. Kürşad Aydoğana, “Region Ölkələri üzrə Kurs Proqramları Departamenti”nin direktoru, prof. Rasim Özyürəkə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share