“Folklorşünaslıq” elmi-nəzəri jurnalının ilk sayı dərc olunub
27/10/2017Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalınının ilk sayı işıq üzü görüb. Jurnalda folklorşünaslıq, ədəbiyyatşünaslıq, dil və nəzəri məsələlər, etnoqrafiya istiqamətləri üzrə məqalələr dərc olunub.
Bütün dünyada gedən qlobal ictimai-siyasi, sosial-mədəni proseslər Azərbaycanda da bir sıra məsələlərə, o cümlədən ədəbi-mədəni irsimizin öyrənilməsi probleminə zamanın tələbinə uyğun yeni baxışın formalaşmasını aktuallaşdırmışdır. Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. “…Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”- deyən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, inkişafına çalışmışdır.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən müstəqil Azərbaycan Respublikasının mədəniyyət siyasətinin əsasında ədəbi-mədəni irsimizin tədqiqi və təbliği məsələsi dayanır. Respublikamızda həyata keçirilən geniş miqyaslı layihələr bunu sübut edir. Əsrlərin qan yaddaşını özündə cəm edən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini sürətləndirmişdir.
2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində "Folklor haqqında Qanun"un qəbul edilməsi və Prezident Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi-humanitar həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi. Ulu öndərin siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında davam edir, milli-mənəvi dəyərlərimizə, folklor nümunələrinə qayğı ilə yanaşılır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ümummilli liderin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq, bu nəcib missiyanı davam etdirir, milli-mənəvi dəyərlərə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır. Çıxışlarının birində "Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi YUNESKO çərçivəsində qeyd olunmuş "Kitabi-Dədə Qorqud" eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik” - deyən Azərbaycanın birinci xanımı milli-mənəvi irsin qorunması, dünya miqyasında təbliği, və beləliklə də, ölkəmizin bütün dünyada tanıdılmasında çox böyük rol oynamışdır.
Bu siyasətə uyğun olaraq, Filologiya fakültəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalı çap etmək qərarına gəldik. Bu jurnalın ərsəyə gəlməsində kafedra müdiri professor Səhər Orucovanın zəhməti xüsusi qeyd olunmalıdır.
Folklor nə qədər qədim sənət olsa da, onun haqqında olan elm, yəni folklorşünaslıq bir o qədər cavan elm sahəsidir. Folklorşünaslıq elmi folklorun yaranması, inkişaf qanunauyğunluqları, tarixi, çağdaş durumu, janrları və onların poetikası haqqında filoloji elm sahəsi olmaqla, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, dilçilik, dialektologiya, musiqişünaslıq, teatrşünaslıq, tarixişünaslıq, etnoqrafiya, fəlsəfə, etnologiya, etnopsixologiya və s. elmlərlə əlaqədardır. Bu səbəbdən “Folklorşünaslıq” jurnalında bu sahələrə uyğun məqalələrin çapı nəzərdə tutulmuşdur.
Bu jurnal folklorşünaslıq sahəsində çalışan mütəxəssislərimizin, gənc alimlərimizin, tədqiqatçılarımızın elmi tədqiqatlarını, nailiyyətlərini bir araya gətirmək, mərkəzləşdirmək və işıqlandırmaq baxımından önəmli rol oynayacaqdır. Jurnalda məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, onların xülasələri də yazıldığı dildən başqa, iki dildə veriləcəyi üçün, daha geniş arealda tanınacaqdır. Jurnalda müxtəlif xalqların ədəbi nümunələrinin yer alması isə tədqiqatçılar üçün yaxşı bir mənbə rolunu oynayacaqdır. Türkdilli xalqların tədqiqatçılarının araşdırmalarına xüsusi diqqət göstəriləcəkdir. Bu isə Azərbaycan xalqının folklor nümunələrinin digər türkdilli xalqların nümunələri ilə müqayisəli şəkildə araşdırılmasına yeni bir yön verəcəkdir. İnanırıq ki, bu jurnalın ömrü uzun olacaq, bu sahədə yeni üfüqlər açacaqdır.
Elçin Məmmədov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
BDU, Filologiya fakültəsinin dekanı
