Home AZ | EN | RU

Görkəmli ədəbiyyatşünas alim professor Yaşar Qarayevin anadan olmasının 85 illiyinə həsr olunmuş elmi seminar keçirilib

20/04/2021

BDU-nun Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim professor Yaşar Qarayevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Yaşar Qarayev: yaxından və uzaqdan” mövzusunda onlayn elmi seminar keçirilib. “Microsoft teams” platforması üzərindən təşkil olunmuş elmi semnarı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov ədəbi-tənqidi fikrimizin patriarxı Yaşar Qarayevin həyat yoluna nəzər salıb, onun ədəbiyyatşünaslıq elminin inkişafındakı, xüsusilə ədəbiyyat tarixi konsepsiyasının hazırlanmasındakı rolundan, yeni alimlər nəslinin yetişməsindəki əvəzsiz xidmətlərindən söz açıb.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Azərbaycan ədəbiyyatının keyfiyyət yeniliklərinin öyrənilməsində müstəsna rolu olan Y.Qarayevin sanballı araşdırmaları, onun realizm konsepsiyası və ədəbi tənqidlə bağlı elmə gətirdiyi yeniliklər haqqında məlumat verib, gənc mütəxəssislərə göstərdiyi diqqət və qayğıdan danışıb.
AMEA-nın Rəyasət heyətinin elmi katibi dosent Sərxan Xavəri Y.Qarayevin elmi yaradıcılığında irəli sürdüyü fəlsəfi konsepsiyalardan, Azərbaycan tənqidinin sosioloji, ideoloji meyillərdən azad olmasında və fəlsəfi, obrazlı məzmun daşımasındakı rolundan bəhs edib, Azərbaycan elminin internet orbitinə - virtual mühitə çıxması ilə bağlı vaxtilə səsləndirdiyi müdrik fikirləri diqqətə çatdırıb.
Sonda BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev çıxış edərək, Y.Qarayevin alim və müəllim kimi şəxsi keyfiyyətlərindən söz açıb, böyük ziyalı ilə bağlı xatirələrini bölüşüb.

Bookmark and Share